Xəbərlər
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəlib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas X sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
"Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılmasına razılaşdılar. Bu, Moskvanı apardığı müharibəni maliyyələşdirmək üçün gəlirlərdən məhrum olunmasını davam etdirəcək. Rusiya vurduğu ziyanın bədəlini ödəməlidir", - Aİ-nin ali diplomatının paylaşımında qeyd olunub.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə başladığı zamandan bəri Aİ Rusiya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Yanvarın 31-də sanksiyaların müddəti bitirdi və onun müddətinin uzadılması üçün üzv ölkələrin hamısının razılığı tələb olunurdu.
Hüquqi baxımdan, Aİ ölkələri bu məhdudiyyətlərin hər altı aydan bir yenilənməsinə yekdilliklə səs verməlidir.
Sanksiyalarla bağlı qərarı bloklama ehtimalı olan Macarıstan da razılaşmanı dəstəkləyib.
Macarıstanın baş naziri Viktor Orban sanksiyaları yeniləmə qərarından əvvəl Donald Tramp administrasiyası ilə məsləhətləşmələr aparılmasını tələb etmişdi. Lakin ABŞ prezidenti Rusiyanı sülh danışıqlarına məcbur etmək niyyətində olduğunu bildirib və hətta yeni sanksiyalar barədə Kremlə xəbərdarlıq edib.
Daha sonra Budapeşt Rusiyadan Macarıstana qaz nəqlini təmin edən razılaşmanın Ukrayna tərəfindən ləğv olunmasından narazılığını əsas gətirib.
Bununla belə, Rusiya ilə digər Aİ üzvlərindən daha sıx iqtisadi və siyasi əlaqələr saxlayan Macarıstan bazar ertəsi nazirlərin görüşündə sanksiyaların uzadılmasına razılıq verməyə hazır olduğunu bildirib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto Facebook-da bildirib ki, Budapeştin sanksiyaların uzadılmasına səs verməsi Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərin enerji təhlükəsizliyinə kənardan təhdidlər yarandıqda hər dəfə tədbir görəcəyinə dair zəmanət verib-verməyəcəyindən asılı olacaq.
Yanvarın 27-də səhər saatlarında Aİ səfirlərinin görüşündə Avropa Komissiyası Ukraynanın qaz kəmərləri sistemi vasitəsilə Avropaya tədarük mövzusunda Kiyev ilə müzakirələri davam etdirməyə hazır olduğu barədə açıqlama təqdim edib.
Macarıstan Belarusda prezident seçkisi ilə bağlı Aİ-nin birgə bəyanatını bloklayıb
AzadlıqRadiosu Brüsseldəki mənbələrinə istinadən bildirir ki, Macarıstan nümayəndələri Avropa İttifaqı (Aİ) ölkələrinin yanvarın 26-da Belarusda keçirilən prezident seçkisini rədd etməyi nəzərdə tutan birgə bəyanatının qarşısını alıblar.
Aİ-nin birgə bəyanatı üçün 27 üzv ölkənin nümayəndələrinin imzasına ehtiyac var. Lakin Macarıstanın bundan imtinası nəticəsində birgə bəyanat əvəzinə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın adından bəyanat verilib. Bəyanatda 26 yanvar seçkisinin azad və ədalətli olmadığı bildirilib. Aİ-nin top diplomatı Belarus hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.
Kallasın sözlərinə görə, rejimin seçkilərdən yalnız 10 gün əvvəl ATƏT-in müşahidəçilərini dəvət etməsi onlara bütövlükdə seçki prosesini effektiv izləməyə imkan verməyib.
"Bu, bu seçkilərə olan tam etimadsızlığın daha bir sübutudur", –Kallas bəyanatında bildirib.
Keçən həftə Macarıstan 27 Aİ ölkəsi adından Belarusdakı "antidemokratik" prezident seçkisi ilə bağlı seçkidən əvvəlki bəyanatı da imzalamaqdan imtina edib. Slovakiya da ilkin mərhələdə Macarıstana qoşulsa da, sonradan bu ölkənin nümayəndələri bəyanatı imzalamaq qərarına gəliblər.
Lukaşenko 7-ci müddətə prezidentliyini 'təmin etdi', Aİ seçkini 'saxta' saydı
Belarusun avtoritar lideri Aleksandr Lukaşenko yeddinci müddətə prezident postuna seçilməyi təmin edib. Avropa İttifaqı liderləri bu seçkini "saxta" adlandırıb.
Səslərin hamısı sayıldıqdan sonra Belarusun Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən, 26 yanvar seçkisində Lukaşenkonun 86.8 faiz səs topladığını açıqlayıb. Onun ən yaxın rəqibi Sergey Sirankov isə 3.2 faiz səs qazanıb.
Daxili İşlər Nazirliyi seçki məntəqələrində ciddi pozuntuların qeydə alınmadığını bildirib. Nazirlik "Telegram" kanalında bildirib ki, polis əməkdaşları və hərbi qulluqçular seçki zamanı ictimai təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçiriblər.
30 ildir ki hakimiyyətdə olan və Rusiyanın müttəfiqi sayılan Lukaşenko yanvarın 26-da səs verdikdən sonra mediaya açıqlamasında Belarusda "sərt demokratiya"nın mövcud olduğunu deyib. Lakin müxalifət, hüquq müdafiə təşkilatları və Qərb bu fikirlə razılaşmır.
Aİ və Belarus müxalifəti seçkini "saxta" adlandırır
Vaşinqtonda yerləşən "Freedom House" hüquq-müdafiə təşkilatı son hesabatında Belarusu "seçkilərin açıq şəkildə saxtalaşdırıldığı və vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı avtoritar dövlət" kimi xarakterizə edib.
Litvada yaşayan müxalifət lideri Svetlana Tixanovskaya X sosial şəbəkəsində Avropanın müxtəlif şəhərlərində seçkilərə etiraz aksiyalarının keçirildiyini yazıb. O bildirib ki, "Belarus azadlıq tələb edir".
Seçkilərdən əvvəl Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri seçkinin legitimliyini və Lukaşenkonun gözlənilən qələbəsini şübhə altına alıblar.
Avropa Parlamentinin sədri Roberta Metsola seçkini "saxta" adlandıraraq X sosial şəbəkəsində yazıb: "Belarus xalqına mesajım: Güclü olun, biz sizin yanınızdayıq, diktatura dövrü başa çatacaq".
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə Lukaşenkonu 30 ildir hakimiyyətdən yapışmaqda günahlandıraraq onun növbəti "saxta" seçkidə özünü yenidən təyin edəcəyini bildirib. O, X sosial şəbəkəsində paylaşımında bunu "demokratiyaya açıq-aşkar hörmətsizlik" adlandırıb.
Lakin Lukaşenko tənqidləri rədd edərək Qərb liderlərinin bəyanatlarına əhəmiyyət vermədiyini bildirib.
"Bu seçkiləri tanıyıb-tanımamaq – zövq məsələsidir. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, belaruslular bu seçkiləri tanıyır", – o, yanvarın 26-da Minskdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.
Auşvitsin azad olunmasından 80 il keçir
Bu gün, yanvarın 27-də Auşvitsin azad olunmasının 80-ci ildönümü qeyd olunur. Avropa liderləri isə xüsusən Almaniyada növbəti ay keçiriləcək parlament seçkiləri öncəsi sağçı ekstremist partiyalarının artan təsirindən narahatdırlar.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa Holokost qurbanlarının xatirəsini anmağı öz öhdəliyi hesab edir.
"Soyuqqanlı şəkildə qətlə yetirilən 6 milyon yəhudi və Holokostun bütün qurbanlarını heç vaxt unutmayacağıq", - o, yanvarın 26-da X sosial şəbəkəsindəki paylaşımında bildirib.
1940-cı ildə nasist işğalçıları tərəfindən Polşanın cənubunda qurulmuş bu ölüm düşərgəsi İkinci Dünya müharibəsinin sona çatmasından cəmi bir neçə ay əvvəl, 1945-ci il yanvarın 27-də Sovet qoşunları tərəfindən azad edilib.
Mərasimdə Polşa prezidenti Andjey Duda, Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Almaniya kansleri Olaf Şoltsun iştirakı gözlənilir.
Bugünlərdə kansler Şolts çətin bir seçki kampaniyasının ortasındadır. Almaniya kansleri anti-miqrasiya mövqeli radikal sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının artan təsiri ilə üz-üzədir.
Şolts AfD mitinqində səsləndirilən "Böyük Almaniya" və nasist cinayətlərinə görə alman günahını unutmağın zəruriliyi şüarları ilə bağlı Polşa baş nazirı Donald Tuskun tənqidlərini dəstəklədiyini bildirib. D.Tusk X sosial şəbəkəsində bu şüarların "çox tanış və qorxulu" olduğunu və Auşvitsin azad edilməsinin ildönümünə yaxın bir vaxtda səsləndirildiyini vurğulayıb.
İldönümü həmçinin Beynəlxalq Holokostu Anma Günü ilə üst-üstə düşür. Polşada anma mərasimlərindən əvvəl İsrail hökuməti illik hesabatını təqdim edib. Hesabatda bildirilir ki, hazırda İsraildə Holokostdan sağ qurtulan 123 mindən çox şəxs yaşayır.
İmişli məhkəməsi işdən çıxarılan müəllimin iddiasını təmin etmədi
İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəbin ötən ilin sentyabrında işdən çıxarılan müəllimi Leyla Nəcəfquliyeva məhkəməyə müraciət etmişdi. O, işdən çıxarılma barədə əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi.
Uzun araşdırmadan sonra İmişli rayon Məhkəməsi yanvarın 24-də çıxardığı qərarla müəllimin iddiasını təmin etməyib.
Bu barədə AzadlıqRadiosuna L.Nəcəfquliyeva özü məlumat verib. O hesab edir ki, məktəb direktorunun əmri kimi məhkəmə qərarı da qanunsuzdur: "2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə mən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşam. Seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən sentyabrın 21-də təsdiq edilib. Amma məktəb direktoru məni sentyabrın 17-də işdən çıxarıb. Həmin vaxt mənim toxunulmazlıq hüququm olub. Bu hüquqa görə mən işdən çıxarıla, razılığım olmadan başqa işə keçirilə bilməzdim. Məhkəmə əmək müqaviləmə xitam verilməsi üçün əsas göstərilən halları müzakirə etdi, toxunulmazlıq hüququm arxa planda qaldı".
L.Nəcəfquliyeva məhkəmə qətnaməsini hələ almadığını, alan kimi ondan apellyasiya şikayəti verəcəyini söyləyir.
O, bundan əvvəl də AzadlıqRadiosuna açıqlamasında işdən kənarlaşdırılmağını yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə sentyabrın 16-da açıq havada dərs keçməyi ilə əlaqələndirmişdi. O, həmçinin son parlament seçkilərində deputatlığa namizəd kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bəzi vəzifəli şəxslər barədə tənqidi çıxışlarına görə hədələndiyini də vurğulayırdı. Daha əvvəl də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.
"Müəllim şagirdlərdən alət kimi istifadə edib"
Mil-Muğan Regional Təhsil İdarəsi də L.Nəcəfquliyevanın işdən kənarlaşdırılmasının şagirdlərə açıq havada dərs keçməsi və bunu özünün TikTok hesabından canlı paylaşması ilə əlaqədar olduğunu təsdiqləmişdi. Qurum yaydığı açıqlamada iddia edib ki, müəllim şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. "Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud şəkildə pozub",- açıqlamada bildirilir.
Putin: 'Doğrudan da, Trampla görüşsək yaxşıdır'
Rusiya prezidenti Vladimir Putin qarşılıqlı maraq doğuran məsələləri "sakitcə" müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşmək istədiyini bildirib.
"Doğrudan da, bu günün reallıqlarına əsaslanaraq görüşməyimiz, həm ABŞ, həm də Rusiyanı maraqlandıran bütün sahələr üzrə sakit danışmağımız daha yaxşı olardı. Biz hazırıq", - Putin "Rossiya 24" telekanalının efirində Pavel Zarubinə müsahibəsində deyib.
Putin Trampı "təkcə ağıllı deyil, həm də praqmatik insan" adlandırıb. Rusiya prezidentinin fikrincə, o, Amerika iqtisadiyyatına ziyan vuracaq sanksiyalarla bağlı qərarlar qəbul etməyəcək.
Cümə günü yayımlanan həmin müsahibədə Putin bildirib ki, onun Trampla "həmişə sırf işgüzar, eyni zamanda praqmatik və etibarlı" münasibətləri olub. "Mən onunla razılaşmaya bilmərəm ki, 2020-ci ildə onun qələbəsini oğurlamasaydılar, bəlkə də, 2022-ci ildə Ukraynada yaranmış bu böhran olmazdı", - o əlavə edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Putinin Trampla danışığa hazır olduğunu bildirmişdi. "Putin hazırdır, siqnalları gözləyirik", - o, cümə günü jurnalistlərin suallarını cavablandırarkən deyib.
Peskov, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsinin dünya neft qiymətlərindən asılı olmadığını, hərbi əməliyyatların Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdidlə bağlı olduğunu söyləyib.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Putinin əvvəlki ABŞ administrasiyasının rəhbəri Co Baydenlə şəxsi görüşü olmayıb.
Yanvarın 22-də Tramp Putinə müraciət edərək sövdələşməyə getməyə və müharibəni dayandırmağa çağırıb. ABŞ prezidentinin sözlərinə görə, Rusiya razı olmazsa, Vaşinqton ona qarşı yeni rüsumlar və sanksiyalar tətbiq edə bilər. Bununla belə, Tramp təklif etdiyi "sövdələşmə"nin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.
V.Putin dəfələrlə vurğulayıb ki, Rusiya yalnız Ukrayna Moskvanın daha əvvəl ilhaqını elan etdiyi dörd bölgədən qoşunlarını çıxararsa, sülh danışıqlarına gedəcək. Kiyev bunu özü üçün qəbuledilməz şərt adlandırır.
Ukrayna prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində Rusiya ilə danışıqlar "güclü mövqedən" aparılacaqsa, ona hazır olduğunu bildirib. Bunun üçün Ukrayna, onun sözlərinə görə, Birləşmiş Ştatlardan lazımi təhlükəsizlik zəmanəti almalıdır.
Hakim Trampın vətəndaşlıq fərmanı ilə razılaşmır
Sietl ştatının federal məhkəmə hakimi ABŞ prezidentinin bu ölkədə doğulanlara avtomatik verilən vətəndaşlıq hüququnun ləğvi ilə bağlı fərmanını dayandırıb. Sözügedən sənədi prezident Tramp inauqurasiya günü, yanvarın 20-də imzalayıb. Tramp konstitusiya müddəasının yeni şərhini təklif edib. İndiyədək bu müddəa ABŞ ərazisində doğulan bütün uşaqların avtomatik olaraq bu ölkənin vətəndaşı olmasını nəzərdə tuturdu.
Avropa və Amerika mediasında Trampı tənqid edənlər bildirir ki, yeni qərar 1868-ci ildə qəbul olunmuş konstitusiya düzəlişinə ziddir. 100 ildən artıqdır ki, bu düzəliş Amerika məhkəmələri tərəfindən ABŞ-də doğulan uşaqların xeyrinə şərh edilir.
BBC xəbər verir ki, insan haqları qrupları və Demokratların üstünlük təşkil etdiyi bir neçə şəhər və ştatın hökumətləri federal məhkəmələrdə bir neçə iddia qaldırıb. Bunlardan ilkinə Vaşinqton ştatının Sietl şəhərində baxılıb və məhkəmə 25 dəqiqədən çox çəkməyib. Federal hakim Con Kofenur fevralın 19-da qüvvəyə minməli olan fərmanı müvəqqəti olaraq dayandırıb.
Administrasiyanın bu qərarı daha yüksək instansiyalarda mübahisələndirmək imkanı olacaq.
Bu həftə fərmana qarşı bir neçə başqa iddia da qaldırılıb.
Yanvarın 23-də oxşar iddia ilə bağlı hüquqşünasların konfransında Ədliyyə Nazirliyinin hüquqşünası Merilend ştatında federal hakimə bildirib ki, hələ ki heç bir federal qurum gələn ay fırmanın icrasına başlamağa hazırlaşmır.
"Üç gün əvvəl bu fərman verilib. Ona görə də agentliklərin onu həyata keçirmək üçün lazım olan siyasəti hazırlaması hələ çox tezdir", - vəkil Bred Rozenberq ABŞ dairə hakimi Debora Bordmana deyib.
Hakim iddiaçıların fərmanın müvəqqəti olaraq bloklanması ilə bağlı vəsatətləri üzrə iclası fevralın 5-nə təyin edib.
Rubio və Fidan Azərbaycanla Ermənistan arasında sülhü müzakirə ediblər
ABŞ dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilir ki, yanvarın 22-də olan telefon danışığında M.Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və regionda ortaq maraqların olduğunu vurğulayıb.
Dövlət katibi Suriyada hərtərəfli siyasi keçidin vacibliyini qeyd edib. O, yeni hökumətin Suriyanın beynəlxalq terrorizmin mənbəyinə çevrilməsinin qarşısını almalı və xarici zərərli qüvvələrin bu keçid prosesindən öz məqsədləri üçün istifadə etməsinə imkan verməməli olduğunu bildirib.
Dövlət Departamenti yaydığı məlumatda bildirir ki, tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında "uzunmüddətli və ləyaqətli" sülhün təmin olunmasının vacibliyini müzakirə ediblər.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç ildən çox davam etsə də, hələlik, sülh müqaviləsi imzalanmayıb. Danışıqlar həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) ayrı-ayrılıqda vasitəçiliyi ilə aparılıb.
Sonuncu dəfə Vaşinqtonun tərəflər arasında xarici işlər nazirləri səviyyəsində təklif etdiyi görüş baş tutmayıb. ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında (5-6 dekabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyan görüşməyiblər. Azərbaycanda hakimiyyətə yaxınlığı ilə seçilən yerli saytların iddiasına görə, Birləşmiş Ştatların ovaxtkı dövlət katibi Antoni Blinken iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürmək istəsə də, Bakı təklifdən imtina edib.
"Səbəb kimi göstərilib ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür",- həmin saytlarda diplomatik mənbələrə istinadla bildirilir.
Ermənistan kəşfiyyatının fikrincə, Azərbaycanın genişmiqyaslı hücum ehtimalı yüksək deyil
Ermənistan Xarici Kəşfiyyat xidməti yanvarın 23-də yayımladığı illik hesabatında "müxtəlif fakt, bilgi və hadisələrin təhlili əsasında bu qənaətə gəlib ki, indi Azərbaycanın Ermənistan əleyhinə genişmiqyaslı hücuma keçmə ehtimalı yüksək sayılmır".
Sənəddə bu da vurğulanır ki, sülh sazişi və dövlətlərarası münasibətlər olmadığından sərhəddə lokal gərginlik və eskalasiya riski qalır: "Bu riskin aradan qaldırılması üçün potensial təminat 2024-cü ildə başlanan sərhədlərin delimitasiya və demarkasiya prosesinin aramsız davam etdirilməsi ola bilər".
Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanın bu ölkə ilə bağlı "Qərbi Azərbaycan" və "qərbi azərbaycanlılar", "Ermənistanın hərbiləşdirilməsi", "revanşizm" və “Zəngəzur dəhlizi" kimi mövzularını diqqətlə izlədiyinə də diqqət çəkir.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19 və 20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.
Paşinyan: Böyük ehtimalla parlament Aİ-yə üzvlük layihəsini qəbul edəcək
Ermənistan parlamentində "Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanunvericilik təşəbbüsü hələ müzakirəyə çıxarılmasa da, baş nazir Nikol Paşinyan bu qanunun qəbul olunacağına inandığını bildirib.
Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Ermənistan hökumət başçısı panel müzakirəsində bu haqda məlumat verib.
"Əslində bu, vətəndaş cəmiyyətinin təşəbbüsü idi. Onlar Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaqla bağlı qanun layihəsi təqdim etdilər. Hökumətimiz bunu təsdiqlədi və parlamentimizin bu qanunu qəbul edəcəyi ehtimalı çox yüksəkdir. Bu, hüquqi baxımdan o deməkdir ki, biz Avropa İttifaqına daha da yaxınlaşmaq prosesinə başlayırıq. Niyə Avropa İttifaqına yaxın olmaq istəyirik? Çünki biz demokratik bir ölkəyik", – baş nazir bildirib.
Yanvarın 9-da hökumət Ermənistanın Avropa İttifaqına qoşulma prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləyib. Layihənin müəllifləri Qərbpərəst "Avroreferendum" partiyasının üzvləridir. Onlar qanun layihəsini parlamentə təqdim etmək üçün qanunla tələb olunan 50 mindən çox imza toplamışdılar.
Moskva elə həmin gün Ermənistan hökumətinin bu qərarına reaksiya verib. Rusiya baş nazirin müavini bu addımı Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi gördüklərini və bu vəziyyəti nəzərə alaraq Yerevana qarşı iqtisadi siyasət hazırlayacaqlarını bəyan edib.
Hilal Məmmədov DTX-ya çağırılaraq dindirilib
Yanvarın 23-də ictimai fəal, "Tolışi sədo" (Talışın səsi) qəzetinin keçmiş redaktoru Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid kimi ifadə verdiyini bildirib.
Onun sözlərinə görə, dövlətə xəyanətdə ittiham edilən İqbal Əbilovun işində şahid qismində dindirilib.
H.Məmmədov İ.Əbilovun günahsız olduğuna inanır: "Azərbaycanın belə görkəmli ziyalıları öz elmi tədqiqatlarını davam etdirmək üçün həbsxanada yox, azadlıqda olmalıdırlar".
O qeyd edib ki, sorğu-sual təxminən iki saat sürüb, onunla rəftar nəzakətli olub.
Onun açıqlamasına DTX-dən münasibət almaq mümkün olmayıb.
Belarusda yaşayan İ.Əbilov ötən il iyulun 22-də Azərbaycana qohumlarının yanına gələrkən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələri ilə ittiham irəli sürülüb. Əbilov ittihamları rədd edir və yalnız elmi fəaliyyətlə məşğul olduğunu bildirir.
36 yaşlı İ.Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
İ.Əbilov 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.
NATO baş katibi: Tramp haqlıdır
"Politico" xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın avropalı müttəfiqlərdən müdafiə xərclərini artırmaq tələbinin tamamilə ədalətli olduğunu deyib.
"O, haqlıdır, əlbəttə, problem ABŞ-də deyil, problem Avropadadır", - Rütte yanvarın 23-də Dünya İqtisadi Forumunda Ukrayna ilə bağlı keçirilən səhər yeməyi müzakirəsində bildirib.
Bunun ardınca Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Rütteni Niderlandın müdafiə xərcləri və Niderlandın baş naziri olduğu dövrdəki fəaliyyətinə görə tənqid edib.
"Davos panelində biz NATO-nun baş katibinin Ukraynanın NATO-ya daxil olmasından danışdığını eşidirik", - Qrenell Los-Ancelesdən video ilə müzakirəyə qoşularaq bildirib. "Müdafiə xərclərini ödəyənlər amerikalılardır. Əgər Niderland da daxil olmaqla, NATO üzvləri öz paylarını ədalətli şəkildə ödəmirlərsə, siz Amerika xalqından NATO-nun çətirini genişləndirməyi tələb edə bilməzsiniz".
"Politico" xatırladır ki, M.Rütte Niderlandın baş naziri olduğu zaman bu ölkə həmişə NATO-nun ÜDM-in 2 faizlik müdafiə xərcləri hədəfini yerinə yetirmirdi. Lakin indi o, dünyanın ən güclü hərbi alyansına rəhbərlik etdiyinə görə mövqeyini dəyişib.
"Tramp belə düşünürdü ki, ABŞ pis şərtlərlə müqavilə bağlayıb və Avropa öz sosial modelini, səhiyyə, pensiya sistemini maliyyələşdirərkən müdafiə sahəsinə lazımi vəsaiti ayırmır. Əlbəttə, hələ də heç kim 2 faiz hədəfinə çatmayıb. Bu, birinci problemdir. İkinci problem isə budur ki, 2 faiz heç də kifayət etmir. Siz dediyiniz kimi, bu, çox azdır", - Rütte bildirib.
ABŞ prezidenti D.Tramp dəfələrlə NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb. O, ABŞ-nin transatlantik hərbi alyansdan çıxması məsələsini qaldırıb. 2024-cü il seçki kampaniyasında hətta bildirib ki, əgər üzv dövlətlər hərbi xərclərlə bağlı üzərilərinə düşəni etməsə, o, Rusiyanı NATO üzvü olan ölkələrə hücuma "təşviq edəcək".
Tramp Yəməndəki husi hərəkatını 'terror təşkilatı' kimi tanıyıb
ABŞ prezidenti Donald Tramp Yəmənin husi hərəkatını (rəsmi adı "Ənsar Allah") yenidən "xarici terror təşkilat" kimi tanıyıb.
Ağ evdən bildirilib ki, keçən illər ərzində husilər Səudiyyə Ərəbistanında mülki hava limanlarına, Birləşmiş Ərəb Əmirliklərinə ölümcül hücumlar ediblər: "2023-cü ilin oktyabrından bəri husilər İsrailə 300-dən çox raket atıblar. Husilər həmçinin, Babül-Məndəb boğazından keçən kommersiya gəmilərinə 100-dən çox hücum edib, ən azı dörd mülki dənizçini öldürüblər. Husilərin hücumları Qırmızı dənizdəki bəzi kommersiya gəmiçiliyi marşrutlarını dəyişməyə məcbur edib ki, bu da qlobal inflyasiyaya səbəb olub".
2021-ci ildə prezidentliyə başladığı vaxt Co Bayden Yəməndəki humanitar vəziyyəti nəzərə alaraq, Trampın daha əvvəl verdiyi "xarici terrorçu təşkilat" statusunu ləğv etmişdi. Lakin Qırmızı dənizdəki hücumlara görə Bayden keçən il "Ənsar Allah"ı "Xüsusi Əhəmiyyətli Qlobal Terrorçu" təşkilat elan etmişdi. Bu, sanksiyaların bir qədər aşağı səviyyəsi sayılır.
Böyük Britaniyanın "Oxfam" təşkilatı Trampın bu qərarının Yəməndəki mülki əhalinin vəziyyətini daha da ağırlaşdıracağı, vacib qida, dərman və yanacaq idxalının pozulacağı barədə xəbərdarlıq edib.
Son zamanlar husilər İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasından sonra Qırmızı dənizdəki hücumları azaldacaqlarını bildiriblər. Bundan əlavə, onlar bir ildən artıqdır ki Yəmən sahillərində ələ keçirdikləri "Galaxy Leader" ticarət gəmisinin heyətini azad ediblər.
Rövşən Əsgərov Rusiyada 'ekstremist' elan olunub
"Rosfinmonitorinq" siyasətçi Leonid Qozmanı və "Nə? Harada? Nə zaman?" teleşousunun keçmiş iştirakçısı Rövşən Əsgərovu terrorçular və ekstremistlər siyahısına daxil edib.
2024-cü ilin iyulunda Qozman Rusiyada "saxta" hərbi xəbərlər işi üzrə qiyabi olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qozmana qarşı cinayət işinin açılmasına səbəb onun Facebook və Telegram kanalındakı paylaşımları olub. Rusiya hakimiyyəti bu paylaşımları ölkə rəhbərliyi və Silahlı Qüvvələri barədə "təhrif olunmuş məlumatlar" kimi qiymətləndirib.
Qozman artıq 2022-ci ildə Rusiyanı tərk edib.
Ötən ilin oktyabrında Moskva şəhər Məhkəməsi Qozmanın həyat yoldaşı Marina Yeqorovanı "mütəşəkkil qrupun tərkibində mədəni sərvətlərin qaçaqmalçılığı" ittihamı ilə ev dustaqlığına məhkum edib. Hüquq-mühafizə orqanları onların irsən əldə etdiyi bir neçə gümüş əşyanı "mədəni sərvətlər" kimi təqdim edib. Yeqorovanın guya tərkibində olduğu mütəşəkkil qrup isə Qozman, Yeqorovanın özü və onu sərhəd-keçid məntəqəsinə aparan sürücüdən ibarət olub.
Rusiya hüquq-mühafizə orqanları R.Əsgərova qarşı nasizmin reabilitasiyasına görə cinayət işi açıb. Müstəntiqlərin fikrincə, Əsgərov öz Facebook səhifəsində "böyük rus sərkərdəsi, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini ləkələyən qəsdən yalan məlumat" dərc edib. Əsgərov hazırda xaricdə yaşayır.
Azərbaycan səfirliyinə hücum edən şəxsin edam hökmü təsdiqləndi
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs barədə çıxarılan hökmü İran Ali Məhkəməsi təsdiqləyib.
İran mediası xəbər verir ki, Ədliyyə Nazirliyinin sözçüsü Əsgər Cahangir yanvarın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycan səfirliyinə hücumun səbəbkarının işinin son durumu ilə bağlı sualı cavablandırıb.
Mətbuat katibi bildirib ki, İran Ali Məhkəməsi həmin şəxs barədə çıxarılmış hökmü təsdiqləyib: "Həmin şəxs ölüm cəzasına məhkum edilib və işin icrası üçün dosye Tehran Cəza Hökmünün İcrası Şöbəsinə göndərilib".
Xatırlatma
Yasin Hüseynzadə kimi təqdim edilən şəxs 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" markalı avtomat ilə hücum edib. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb. O, səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək istədiyini bildirmişdi.
Amma Azərbaycanın rəsmi qurumları bu iddianı təsdiqləməmişdilər. Həmin olaydan sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib. Yalnız ötən ilin yayında Azərbaycanın Tehrandakı səfirliyi öz işini tam olaraq bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda yerli mediaya müsahibəsində silahlı hücumu "təşkil olunmuş terror aktı" adlandırıb, hadisədən iki il keçməsinə baxmayaraq, terroru törədən şəxsə qarşı edam hökmünün icra edilmədiyini deyirdi.
Aİ-nin baş diplomatı Trampın müdafiə xərclərinin artırılması çağırışını dəstəkləyir
Avropa İttifaqı (Aİ) müdafiə xərclərini artırmalı, "ən pis vəziyyətə hazırlaşmaq" və "lazım gələrsə, təkbaşına" mübarizə apara bilmək üçün tədbirlər görməlidir.
Bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu gün Brüsseldə Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışında deyib.
"Milli kəşfiyyat agentliklərimizin bir çoxu bizi məlumatlandırır ki, Rusiya üç-beş il ərzində Aİ-nin özünümüdafiə hazırlığını sınaqdan keçirə bilər", - Kallas deyib. O, Rusiyanın üç ay ərzində Aİ-nin 27 üzv ölkəsinin birlikdə 12 ayda istehsal edə biləcəyindən daha çox silah və sursat istehsal edə biləcəyi barədə xəbərdarlıq edib.
"Tramp haqlıdır"
K.Kallas deyib ki, ABŞ prezidenti Aİ-ni müdafiə sahəsinə lazımi maliyyə ayırmadığı üçün tənqid etməkdə haqlıdır: "Prezident Tramp haqlıdır ki, biz yetərincə vəsait xərcləmirik. Artıq investisiya qoymağın vaxtıdır. Amerika Birləşmiş Ştatları bizim ən güclü müttəfiqimizdir və belə də qalmalıdır. Aİ-nin ABŞ-yə mesajı aydındır – biz öz müdafiəmiz üçün daha çox iş görməli və Avropanın təhlükəsizliyinə görə məsuliyyətin ədalətli payını üzərimizə götürməliyik", - Avropa İttifaqının top diplomatı çıxışında vurğulayıb.
"Euronews" yazır ki, növbəti 10 il ərzində Aİ-nin müdafiə sahəsində rəqabət qabiliyyətini qoruyub saxlaya bilməsi üçün azı 500 milyard avroya ehtiyacı olacaq. Lakin indiyədək 2021-2027-ci illəri əhatə edən Aİ-nin uzunmüddətli büdcəsində müdafiə və təhlükəsizlik üçün cəmi 13 milyard avro ayrılıb ki, bu da ümumi büdcənin cəmi 1.2 faizini təşkil edir.
"Bizə üzv dövlətlərdən və özəl sektordan, eyni zamanda, ümumi Avropa büdcəsindən investisiyalar lazımdır. Biz 1 faizdən daha çox xərcləməliyik", – Aİ-nin Ali Nümayəndəsi deyib.
"Vahid Avropa ordusu lazım deyil"
Keçən il Aİ-yə üzv dövlətlər müdafiə sahəsinə ortalama olaraq ÜDM-in 1.9 faizini ayırıb. Digər tərəfdən, Rusiya bu sahəyə ÜDM-in 9 faizini xərcləyib.
Litva regionda Rusiyanın mümkün təcavüzü səbəbindən 2026-cı ildən etibarən müdafiə xərclərini ÜDM-in 5-6 faizi səviyyəsinə yüksəldəcəyini elan edib. Lakin İtaliya və İspaniya kimi bəzi iri iqtisadiyyatlar hələ də NATO-nun 2 faizlik hədəfinə çata bilməyib.
K.Kallas deyib ki, "müdafiə yüksək ixtisaslaşmış və yüksək intensivlik tələb edən bir sahədir, buna pul, insan resursları və zaman lazımdır. Bizim pulumuz və insan resurslarımız var, amma zamanımız yoxdur. Ukrayna bizə vaxt qazandırır".
Aİ-nin Ali Nümayəndəsi Avropanın vahid orduya ehtiyac olmadığını da diqqətə çatdırıb: "Bizə vahid Avropa ordusu lazım deyil. Bizə 27 üzv ölkənin ordusu lazımdır ki, onlar bacarıqlı olsun, rəqiblərimizi çəkindirmək və Avropanı müdafiə etmək üçün effektiv şəkildə birlikdə işləyə bilsinlər".
Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron da Avropanı oyanmağa və təhlükəsizlik baxımından ABŞ-dən asılılığı azaltmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.
Fransa hərbi qulluqçuları qarşısında çıxış edən prezident Makron soruşub: "Əgər sabah Amerika müttəfiqimiz Aralıq dənizindən döyüş gəmilərini çıxarsa, nə edəcəyik? Əgər onlar qırıcı təyyarələrini Atlantikdən Sakit okeana yönəltsələr?".
"Ukraynaya yardım prioritetimiz olmalıdır"
Kallas bildirib ki, Avropanın birinci prioriteti Rusiya işğalına qarşı mübarizə aparan Ukrayna qüvvələrinə yardım göstərmək olmalıdır.
"Ukraynaya daha çox kömək edə biləcəyimizə heç bir şübhə yoxdur. Bizim dəstəyimizlə onlar müharibədə qalib gələ bilərlər", –o vurğulayıb.
"Putinin anladığı yeganə dil güc dilidir", – Kallas əlavə edib.
Davosda Azərbaycan və Ukrayna prezidentləri görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub
3 il əvvəl, fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Ondan altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi.
Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.
Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan bu sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır və ona humanitar yardımlar göstərir.
Bu il Davos İqtisadi Forumu yanvarın 20-də başlayıb və 24-nə kimi davam etməlidir.
Ermənistan XİN Türkiyəyə başsağlığı verib
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə çox sayda insan tələfatına səbəb olan yanğınla bağlı başsağlığı verib. Ermənistan XİN-in rəsmi X hesabında bununla bağlı paylaşım edilib.
"Türkiyənin Bolu bölgəsində çoxsaylı insanın həyatına son qoyan faciəvi yanğın səbəbindən dərin kədər hissi keçiririk. Düşüncələrimiz qurbanlar və onların ailələri ilədir. Yaralananlara tezliklə sağalmağı arzu edirik", - paylaşımda deyilir.
Yanvarın 21-də Bolu vilayətində yerləşən "Kartalkaya" xizək kurortundakı 12-mərtəbəli hoteldə baş verən yanğında ölənlərin sayı 76-ya çatıb, 50-dən çox insan isə yanıq xəsarətləri alıb.
Yanğının səbəbləri araşdırılır. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə əlaqədar hotel kompleksinin sahibi də daxil olmaqla doqquz nəfər saxlanılıb.
Yerevan Moskva ilə səmərəli siyasi dialoqda maraqlıdır - Mirzoyan
Ermənistan Rusiya ilə effektiv siyasi dialoqun davam etdirilməsində maraqlıdır.
AzadlıqRadiosu Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən Ermənistan xarici işlər naziri Ararat Mirozyan deyib.
Görüş zamanı Mirzoyan vurğulayıb ki, Ermənistan ikitərəfli münasibətləri və regiondakı vəziyyətə təsir göstərən məsələləri müzakirə etmək üçün səmərəli siyasi dialoqu davam etdirməkdə maraqlıdır.
O, Ermənistanın hər zaman açıq və konstruktiv dialoq prinsiplərinə sadiq qaldığını qeyd edib. "Ümid edirik ki, gələcəkdə Rusiya tərəfi baş verən hadisələrin bütün komponentlərini nəzərə alaraq, təəssüf ki, son vaxtlar rast gəldiyimiz birtərəfli şərhlərdən çəkinəcək. Ümid edirəm ki, bugünkü görüş qarşılıqlı anlayışa töhfə verəcək", –Mirzoyan bildirib.
Son zamanlar Yerevanın Qərblə yaxınlaşması ilə əlaqədar Rusiya rəsmiləri müxtəlif səviyyələrdə Ermənistanı tənqid edir.
Ermənistanın ali diplomatı onu da əlavə edib ki, rəsmi Yerevan beynəlxalq platformalarda Rusiyanın maraqlarını anlayışla qarşılamağa çalışır və eyni yanaşmanı rəsmi Moskvadan gözləyir.
"Digər mühüm göstərici beynəlxalq platformalarda əməkdaşlıqdır. Biz həmişə Rusiya Federasiyasının maraqlarına anlayışla yanaşmağa çalışırıq, Rusiya tərəfinin də müəyyən dərəcədə Ermənistan Respublikasının maraqlarını nəzərə alacağına dair istəyimiz və təsəvvürümüz var", - A.Mirzoyan qeyd edib.
Azər Qasımlının apellyasiya şikayəti təmin edilmədi
Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə aid verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.
Vəkil Aqil Layıcın verdiyi məlumata görə, şikayət təmin edilməyib.
Vəkil qeyd edib ki, A.Qasımlı prosesdə heç bir cinayətin törətmədiyini, əksinə, ona qarşı cinayətin törədildiyini bildirib: "Azər bəy öz həbsini qanunsuz adlandırıb".
A.Qasımlının yoldaşı Samirə Qasımlı da bildirib ki, məhkəmədən heç bir gözləntisi yox idi: "Biz bilirik ki, hakimiyyət Azər Qasımlını nə üçün tutub və tutubsa, onu həmən buraxmayacaq. Sadəcə vəkilin tövsiyəsi ilə növbəti instansiyalardan keçmək üçün bu prosedurlardan keçmək lazımdır. Biz bu hüquqi prosedurlardan keçirik, amma bilirik ki, qərar hüquqi müstəvidə deyil, siyasi səviyyədə qəbul olunur".
Hələlik, bu açıqlamalara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yanvarın 15-də Yasamal rayon Məhkəməsində A.Qasımlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmamışdı.
A.Qasımlı 2024-cü il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O özünü təqsirli bilmir və həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
17 yanvar
Azər Qasımlının xanımı polisdə ifadə verib
Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bu gün, yanvarın 17-də Yasamal rayon Polis İdarəsində ifadə verib.
Bu barədə onun özü məlumat açıqlayıb.
S.Qasımlı qeyd edib ki, o, həyat yoldaşına açılmış cinayət işi üzrə dindirilib: "Mən müstəntiqə bildirdim ki, iş qondarmadır və siyasi sifarişdir. Dindirmə zamanı bir neçə suala cavab verdim, digərlərinə isə yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququmdan yararlanaraq cavab verməkdən imtina etdim".
Marko Rubio ABŞ dövlət katibi postuna təsdiqlənib
Yanvarın 20-də ABŞ Senatı Marko Rubionu dövlət katibi olaraq təsdiqləyib. Bu, yeni administrasiyanın Senat tərəfindən təsdiq edilən ilk yüksək səviyyəli kabinet üzvü olub.
CNN xəbər verir ki, təsdiq səsverməsi Trampın prezident kimi and içməsindən bir neçə saat sonra keçirilib. Səsvermə zamanı heç bir senator Rubionun təsdiqlənməsinin əleyhinə səs verməyib.
Rubio Demokrat senatorların da dəstəyini qazanıb. Təsdiq dinləməsində Nyu-Hempşir ştatının Demokrat senatoru Cinn Şeyhin M.Rubionu "dövlət katibi vəzifəsinə xidmət etmək üçün yaxşı təcrübəyə sahib" olan biri kimi qiymətləndirib.
M.Rubio 2011-ci ildən bəri Floridadan Respublikaçı senator kimi fəaliyyət göstərib. 53 yaşlı senator 2016-cı ildə prezidentliyə namizəd olub, amma sonra namizədliyini geri götürərək Trampı dəstəkləyib.
Rubio ABŞ dövlət katibi postuna seçilən ilk latın amerikalıdır. O, Kuba ilə münasibətlərin normallaşdırılmasına qarşıdır və Çin mövzusunda sərt mövqeyi ilə tanınır. Rubio təsdiq dinləməsində ABŞ-nin Çinlə bağlı sərt bir mövqe tutmasının vacib olduğunu deyib, Çin Kommunist Partiyasını "güclü" və "təhlükəli" rəqib olaraq xarakterizə edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Senatda verilən suallara cavab olaraq, M.Rubio deyib ki, Ukraynanın Rusiya qüvvələrini 2022-ci ilin işğalından əvvəlki sərhədlərə qədər geri qovması "reallıqdan uzaqdır". Rubio əlavə edib ki, o və Tramp müharibənin bitməsi barədə həmfikirdirlər.
"Vladimir Putinin davranışı qəbul edilə bilməz, buna heç bir şübhə yoxdur, amma bu müharibə bitməlidir. Məncə, ABŞ-nin rəsmi siyasəti ondan ibarət olmalıdır ki, biz bunun bitməsini istəyirik", - Rubio deyib.
Tramp 'sülh qurucusu' olacağına söz verib
ABŞ-nin 47-ci prezidenti kimi and içən Donald Tramp "sülh qurucusu" olacağına söz verib.
"Uğurumuzu yalnız qazandığımız döyüşlərlə deyil, həm də bitirdiyimiz müharibələrlə və, bəlkə də, ən vacibi – heç başlamadığımız müharibələrlə ölçəcəyik", – o bildirib.
Lakin Tramp sülhün necə əldə ediləcəyi və qorunacağı ilə bağlı heç bir təfərrüat verməyib.
Ukraynanın reaksiyası
Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabından Trampı təbrik edib. Zelenski Trampın "güc vasitəsilə sülh" siyasətini "Amerikanın liderliyini gücləndirmək və uzunmüddətli, ədalətli sülhə nail olmaq üçün bir fürsət" adlandırıb. O, bunun əsas prioritet olduğunu vurğulayıb.
Lakin andiçmə mərasimindəki çıxışında Tramp əvvəlki administrasiyanı xarici sərhədlərin müdafiəsinə məhdudiyyətsiz maliyyə ayırmaqda günahlandıraraq tənqid edib. Ukraynada narahatlıq var ki, Trampın hakimiyyətə gəlməsi hərbi dəstəyi dayandırmaqla ölkənin mövqeyini zəiflədə və onu əlverişsiz şərtlərlə sülhə məcbur edə bilər.
"Hamı bu müharibədən çox yorulub, amma onun bir sehrbaz olub hər şeyi nağıla çevirəcəyini gözləmirəm", –Zaporojye sakini andiçmə mərasimindən bir neçə saat əvvəl AzadlıqRadiosuna bildirib.
Putin: Dialoqa açığam
Rusiya prezidenti Vladimir Putinin açıqlamaları bu narahatlıqları daha da gücləndirib.
Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni ABŞ administrasiyası ilə dialoqa açıq olduğunu bildirib. O, bütün insanların "legitim" maraqlarına hörmət əsasında davamlı sülh əldə etməyə çağırıb.
Putinin bu sözləri 2022-ci ilin fevralında genişmiqyaslı işğal müharibəsi başladığı ölkədə - Ukraynada inandırıcı səslənmir. Putin hələ də Ukraynanın böyük ərazilərinə, o cümlədən Rusiya qüvvələrinin tutmadığı bölgələrə iddia edir.
Yaxın Şərq
Yaxın Şərqdə İsrailin baş naziri Benyamin Netanyahu Trampın andiçmə mərasimini alqışlayaraq ümidvar olduğunu bildirib ki, ABŞ ilə birlikdə "İranın terror oxu"nu tamamilə məğlub edə biləcək.
Tramp çıxışında deyib ki, o, hələ prezident kimi fəaliyyətə başlamazdan bir gün əvvəl Yaxın Şərqdə əsirlər ailələrinə qayıdırlar. Bununla o, İsrail ilə HƏMAS arasında 15 aylıq müharibəyə ara verilməsi ilə bağlı atəşkəs razılaşmasının ilkin mərhələsini nəzərdə tutur. Bu atəşkəs razılaşmasının nə dərəcədə dayanıqlı olacağı hələ aydın deyil. Eyni şəkildə, yeni administrasiyanın növbəti danışıqlara necə yanaşacağı da müəyyən deyil.
Bu mövzuda Tramp heç bir əlavə detallara toxunmayıb.
İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb
İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.
Bu barədə bu gün, yanvarın 20-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici İşlər Nazirliyinin birgə məlumatında bəhs edilir.
Məlumatda vurğulanır ki, 2023-cü ildə İranda saxlanan F.Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də həmin ölkədən təhvil alınaraq ölkəyə qaytarılıb: "Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub".
Hələlik, F.Səfərlinin ailəsi bununla bağlı sorğuya cavab verməyib.
Xatırlatma
Yaxınları bildirirdilər ki, Almaniyada təhsil alan Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə onunla oxuyan qızın dəvəti ilə Tehrana gedib. Onların deməsinə görə, martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.
Azərbaycan XİN-in açıqlamasına görə, sonradan "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub. Onun 2 il həbs cəzası aldığı bildirilmişdi.
Milyarderlərin sərvəti heç vaxt olmadığı qədər sürətlə artır
Dünyada bərabərsizlik getdikcə artır və "aristokratik oliqarxiya" gözlənilməz səviyyədə sərvət yığır. Bu barədə qlobal yoxsulluq və bərabərsizliklə mübarizə aparan beynəlxalq qeyri-hökumət təşkilatı - "Oxfam"ın ötən həftə dərc olunmuş illik hesabatında deyilir.
Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində açıqlanan hesabatda bildirilir ki, 2024-cü ildə milyarderlərin sərvəti 2 trilyon dollar artıb. Bu da əvvəlki (2023) il ilə müqayisədə onların sərvətinin üç dəfə daha sürətli böyüməsi deməkdir.
Hesabata görə, dünyanın ən zəngin 1 faizi qlobal sərvətin 45 faizinə sahib olduğu halda, bəşəriyyətin 44 faizi gündə 6.85 dollardan az gəlirlə yaşayır. Qlobal yoxsulluq səviyyəsi isə 1990-cı ildən bəri, demək olar ki, dəyişməyib.
"Biz bu hesabatı dünyadakı adi insanların bir neçə zəngin şəxsin nəhəng sərvəti altında əzildiyini göstərən ciddi bir xəbərdarlıq olaraq təqdim edirik", - "Oxfam"ın icraçı direktoru Amitabh Behar deyib.
Hesabatda qeyd olunan digər bir məqam gələcək 10 ildə trilyonerlərin meydana çıxmasının gözlənilməsidir. "Oxfam" bunu onunla əsaslandırır ki, son 10 ildə ən zəngin 10 milyarderin sərvəti gündə ortalama 100 milyon dollar artıb. Keçən il isə 204 yeni milyarder ortaya çıxıb.
"Oxfam"ın icraçı direktoru zənginlərin artıq iqtisadi və sosial siyasətləri formalaşdırmaq iqtidarında olduğunu, nəticədə bunun onlara daha çox mənfəət gətirdiyini vurğulayıb.
'TikTok'la bağlı qarşıdurmanın ABŞ-Çin rəqabətinə təsiri
Çin şirkəti olan "ByteDance"ə məxsus "TikTok" tətbiqi yanvarın 19-da fəaliyyətini dayandırsa da, elə həmin gün təxminən 12 saat sonra yenidən aktivləşib. Onun qısa müddət ərzində "offline" olmasının səbəbi ABŞ-də qüvvəyə minən federal qadağa ilə bağlıdır.
Tətbiq öz istifadəçilərinə "TikTok ABŞ-yə geri qayıtdı!" bildirişi göndərərək bu xəbəri açıqlayıb. "TikTok" fəaliyyətinin bərpasını ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla əlaqələndirib. Belə ki, Tramp andiçmə mərasimindən sonra federal qadağanı təxirə salmağı (90 gün) nəzərdə tutan icraedici fərman imzayalacağını bildirib. Bu fərman "ByteDance"ə "TikTok"u qeyri-çinli bir sahibə satmaq və ya qadağa ilə üzləşmək tələbini nəzərdə tutur.
Bu qərar "TikTok"un taleyi ilə bağlı baş verən sürətli və ardıcıl proseslərin ən son mərhələsini təşkil edir. Həmçinin, bu vəziyyət Çin ilə ABŞ arasında qlobal texnologiya rəqabətinə ciddi təsir göstərə və Trampın Pekinlə münasibətlərinin necə formalaşdıracağı barədə ilkin təəssürat yarada bilər.
Məşhur video platforması "TikTok" Çin-in ilk qlobal tətbiqi olaraq, ABŞ-yə məxsus "Instagram", "Facebook" və X kimi rəqiblərini geridə qoyub.
Tətbiqə Çinin sahibliyi onu ABŞ Konqresinin hədəfinə çevirən əsas səbəb olub. Buna görə ABŞ Konqresi 2024-cü ilin aprelində bilməyərəkdən yanlış informasiyanın yayılması (misinformation) və casusluq kimi milli təhlükəsizlik narahatlıqları ilə bağlı qanun qəbul edib.
"TikTok" "ByteDance"in Çin və Honq-Konq bazarında işləyən "Douyin" tətbiqinin beynəlxalq versiyasıdır. Ancaq "Douyin" tətbiqi Pekinin sərt senzura sisteminə tabedir.
Eyni zamanda, uğurlu bir biznesə çevrilən "TikTok"un populyarlığı və təsiri Pekin üçün qlobal səviyyədə fayda gətirib. "ByteDance" şirkətinin bu tətbiqdən imtina etməməsi həm tətbiqin alqoritminə verilən xüsusi qiyməti, həm də "TikTok"un Çinə məxsusluğunun əhəmiyyətini göstərir.
Trampın "TikTok"a həll yolu tapmaq üçün möhlət vermək qərarı ABŞ-nin daxili siyasətindən də qaynaqlansa da, bu addım onun Çin lideri Si Cinpin ilə münasibətlərinə də təsir göstərə bilər.
Yanvarın 17-də Tramp Si Cinpin ilə danışdığını və "TikTok" da daxil olmaqla, bir sıra mövzuları müzakirə etdiyini açıqlayıb.
"TikTok" izləyiciləri ilə bağlı məlumat toplayır?
"TikTok"un qadağan olunmasına səbəb olan məsələlər isə hələ də qüvvədə qalır.
Kibertəhlükəsizlik şirkətləri bu tətbiqin öz istifadəçiləri ilə bağlı geniş məlumat toplaya biləcəyini irəli sürür. Üstəlik, Çin 2017-ci ildə xaricdə yaşayan Çin vətəndaşlarını kəşfiyyat orqanları ilə əməkdaşlığa məcbur edən qanun qəbul edib.
Bu halların ictimai nümunələri azdır, lakin 2023-cü ildə bir britaniyalı jurnalistin məlumatları və onun yerinin "TikTok"un Çin və ABŞ-dəkı əməkdaşları tərəfindən izlənildiyi ortaya çıxıb. "ByteDance"in keçmiş əməkdaşının ABŞ məhkəməsinə təqdim etdiyi sənədlər isə 2018-ci ildə Çin Kommunist Partiyasının Honq-Konqda demokratiya tərəfdarları ilə bağlı informasiya toplamaq üçün şirkətin məlumatlarına daxil olduğunu göstərib.
Trampın bu qərarı onun Çinlə münasibətləri necə tənzimləyəcyinə dair ilkin işarə rolunu oynayır.
Trampın 2017–2021-ci illəri əhatə edən ilk prezidentlik dövrü Pekin və Vaşinqton arasında dərinləşən texnologiya yarışı fonunda Çinə qarşı sərt siyasəti və Çin şirkətlərini ölkə daxilində və xaricdə hədəfə alması ilə yadda qalıb.
Bu rəqabət hələ də davam etsə də, ən azından ikinci prezidentlik dönəminin ilk günlərində Tramp fərqli bir yanaşma sərgiləməyə çalışır.
"The Wall Street Journal" yanvarın 18-də yaydığı xəbərdə bildirib ki, D.Tramp vəzifəyə başladıqdan sonra ilk 100 gün ərzində S.Cinpin ilə görüşmək üçün Çinə səfər etməyi planlaşdırır. Nəşrin yazdığına görə, ABŞ-nin yeni seçilmiş prezidenti müxtəlif məsələlər ətrafında çinli həmkarı ilə danışıqlara açıq olduğunu bildirib.
Müsavat: Əlikram Xurşidova 10 sutka verilib
Yanvarın 19-da Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun Şirvan şəhər Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edildiyi bildirilir.
Bu barədə Müsavat Partiyasının açıqlamasında bildirilir.
Amma partiyadan onun İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyini dəqiqləşdirə bilmədiklərini açıqlayıblar.
Müsavat Partiyasının bu məlumatını, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
19 yanvar
Şirvan şəhərində Müsavat fəalının saxlandığı deyilir
Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun yanvarın 19-da gecə saatlarında Şirvan şəhərində yaşadığı evdə saxlandığı bildirilir. Bu barədə Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı məlumat verib. Onun deməsinə görə, Xurşidovun körpə uşaqlarının da olduğu evə 15-20 maskalı hücum edilib.
Məclis sədrinin sözlərinə görə, gecə saat 3 radələrində olan bu olaydan əvvəl onların yaşadığı ərazidə işıqlar söndürülüb.
Partiyadan bildirildiyinə görə, daha sonra Ə.Xurşidovun Şirvan şəhər Polis Şöbəsinə aparıldığı və orada işgəncəyə məruz qaldığı barədə məlumatlar yayılıb.
"Əvvəllər də şərlənərək həbs edilən Əlikram Xurşidov sosial mediada tənqidi yazıları ilə tanınan Müsavat fəalıdır. Onun, məhz bu səbəbdən saxlanması şübhəsizdir. Əlikram Xurşıdovun saxlanması ölkədə davam edən repressiya siyasətinin davamıdır", - A.Hacılı deyib.
Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Onun əvvəlki həbsi
Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının müşaviri olan Ə.Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib. O, 5 il həbs cəzası almışdı. Xuliqanlıqda ittiham edilən müxalifətçi ittihamı qəbul etməyib.
Xatırlatma
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.