Ötən həftə Azərbaycanın AŞPA-da mandatını təsdiqləmək üçün nümayəndə heyəti göndərmədiyi bəlli oldu; altıncı bələdiyyə seçkiləri yenə karusel və digər seçki pozuntuları ilə yadda qaldı.
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başladı. Azərbaycanla bu qurum arasında bir ildir yaranmış gərginlik aradan qalxmadı, AŞPA bildirdi ki, Azərbaycan parlamenti 2025-ci il sessiyasında akkreditasiya üçün nümayəndə heyəti göndərməyib. Parlamentdəki mənbələrdən "Turan"a deyildi ki, ki, AŞPA-dan Azərbaycana dəvət gəlməyib. Beləliklə, Azərbaycanın bu qurumda bir ildir dondurulmuş səsvermə hüququ bərpa olunmadı.
AŞPA qətnaməsində Azərbaycanda demokratiya, hüququn aliliyi və insan hüquqlarının vəziyyətinin daha da pisləşməsindən ciddi narahatlığını bildirdi, hakimiyyəti "repressiv" təqiblərə son qoymağa, siyasi motivli ittihamlarla saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırdı.
Bakının cavabı
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna açıqlamasında Avropa Şurasının qurumlarının bir-birlərini inkar etdiyini, özlərini "ciddi" böhrana saldıqlarını, belə bir böhran içərisində olan təşkilatda işləməyin düzgün olmadığını söyləyib.
AŞPA ilə gərginliyin bir səbəbi də bu qurumun ötənilki növbədənkənar prezident və parlament seçkilərinə dəvət olunmaması idi. Yanvarın 29-da keçirilən altıncı bələdiyyə seçkilərinə isə heç bir beynəlxalq müşahidə çağrılmadı, bu, seçkilərin lokallığı ilə izah olundu.
Seçki məntəqələrində çəkiliş yasaqlana bilər
Bələdiyyə seçkiləri indiyədək ölkədə hər bir seçkidə müşahidə edilən, ATƏT/DTİHB-nin hesabatlarında da qeyd olunan karusel, seçki qutularına bülletenlərin topa ilə atılması, müşahidəçilərə təzyiqlər, bəzən isə təhdidlərlə yadda qaldı. AzadlıqRadiosu bu seçkini hərtərəfli işıqlandırdı.
Tənqidçilər ölkədə qeyri-demokratik, xof mühiti nəticəsində seçkiyə marağın olmadığını desələr də, hakim YAP təmsilçiləri, həmişə olduğu kimi, bələdiyyə seçkilərinin sərbəst, demokratik şəraitdə keçdiyini deyirlər.
Bələdiyyə seçkilərində bəzi məntəqələrdə jurnalistlərin və müşahidəçilərin çəkiliş aparmasına imkan verilməməsindən də şikayətlər gəldi. Bəzən jurnalistlərə "siz media subyekti deyilsiniz, akkreditasiyadan keçməmisiz" deyildi, jurnalistin polislə təhdid edildiyi də oldu.
Yerli agentliklərin yazdığına görə, MSK sədri Məzahir Pənahov qurumun iclasında deyib ki, məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparıla bilməz, bunun tamamilə yasaqlanacağına eyham vurub.
- Ötən həftə Avropa İttifaqına (Aİ) üzv dövlətlər qurumun Ermənistanın Azərbaycanla sərhədi boyunca müşahidə missiyasının mandatının daha iki il uzadılması təklifini təsdiqləyiblər. Onlar missiyanın mandatını və sayını dəyişməmək qərarına gəliblər. Aİ missiyasının ilkin ikiillik mandatı fevralda başa çatırdı. Bu missiya Bakının və Moskvanın tənqidlərinə səbəb olmuşdu. Azərbaycan bu missiyadan narazıdır, zaman-zaman onu "binokl diplomatiyası"nda ittiham edib. Elə ötən həftə də hökumətyönlü mediada oxşar ittihamlar yer aldı.
- Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL sərnişin təyyarəsinin qəzanın səbəbləri hələ də açıqlanmayıb. Qəza nəticəsində təyyarədəki 67 nəfərdən 38-i ölmüş, 29-u sağ qalmışdı. Ölənlərin 23-ü Azərbaycan vətəndaşı idi. Rusiya və Azərbaycanda hökumətyönlü media orqanları qarşılıqlı iddialar səsləndirdilər. Hər iki ölkənin səfirləri xarici işlər nazirliklərinə çağrıldılar. Prezidentin köməkçisi Hikmət Hacıyev yanvarın 29-da Rusiyanın TASS agentliyinə məlumatın ictimaiyyətə yaxın günlərdə açıqlanacağını deyib.