Keçid linkləri

2025, 04 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:00

'Böyük itkilər': Şimali Koreya qoşunları Ukrayna ilə savaşın ön xəttində yoxa çıxır


Kursk vilayətində həlak olan Rusiya əsgərlərinin cəsədləri. AzadlıqRadiosunun "Sxemı" layihəsinin mənbələrinə görə, onların arasında Şimali Koreyadan olan əsgərlərin cəsədləri də var.
Kursk vilayətində həlak olan Rusiya əsgərlərinin cəsədləri. AzadlıqRadiosunun "Sxemı" layihəsinin mənbələrinə görə, onların arasında Şimali Koreyadan olan əsgərlərin cəsədləri də var.

Artıq bir neçə aydır ki, minlərlə şimali koreyalı əsgər Rusiya qoşunlarının tərkibində Ukrayna qüvvələrini Rusiya ərazisindən çıxarmağa çalışır.

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin hazırladığı yazıda deyilir ki, Şimali Koreya əsgərləri ilk dəfə ötən ilin payızında bu ərazilərdə görünərkən Qərb rəsmiləri rahatsız olmuşdu. Buna qədər də durum suallıydı və 1100 kilometrlik cəbhə xəttinin bəzi yerlərində mühasirəyə alınmış Ukrayna qoşunlarının yenilərək geri çəkilmək təhlükəsi yaranmışdı.

Ancaq bu qorxu əbəs çıxdı. İndi də Şimali Koreya qoşunlarının bütövlükdə cəbhə xətlərindən geri çəkildiyi bildirilir. Yanvarın 31-də "The New York Times" qəzetində dərc olunan xəbərdə bunun səbəbi kimi ölüm saylarının çox olması göstərilir.

"Standard əməliyyat"

Bir ukraynalı hərbi kəşfiyyat rəsmisi "Nastoyaşeye Vremya"ya Şimali Koreya qoşunlarının gerçəkdən "böyük itkilər" üzündən geri çəkildiyini desə də, onların bu addımını "standart əməliyyat" kimi səciyyələndirib.

Ancaq Ukraynanın xüsusi əməliyyat komandanlığı AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, son üç həftə boyunca xüsusi qoşunların döyüşdüyü ərazilərdə Şimali Koreya əsgərləri gözə dəyməyib. "Böyük ehtimalla ciddi itkilər verdikdən sonra geri çəkilməyə məcbur qalıblar", - həmin komandanlığın sözləridir.

Ukrayna tərəfinin peyk görüntülərin və açıq kəşfiyyat bilgilərinə dayanan və həftələrlə sürən xəbərdarlığından sonra oktyabrın ortalarında Şimali Koreya əsgərləri Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində görünməyə başladı. O zaman rəsmilər onların toplam sayının 11 min nəfər olduğunu deyirdilər.

Həmin vaxtlar Rusiya rəsmilərinin nədən kömək üçün Pxenyana üz tutması tam aydın idi; bəzi ekspertlərin fikrincə, prezident Vladimir Putin yeni səfərbərlik elan etməkdən, yaxud çağırışçıları döyüşə göndərməkdən yayınmağa çalışırdı, axı belə addımlar Rusiya daxilində narazılığı körükləyə bilərdi.

Qərb rəsmiləri bunu çarəsizlik əlaməti kimi gördülər. Qərbin hesablamalarına görə, tammiqyaslı savaşın başlandığı 2022-ci ilin fevralından bəri Rusiya tərəfindən ölən və yaralananların toplam sayı 700 min nəfəri keçib.

"Bu onu göstərir ki, o, bir çoxlarının anladığından daha böyük problemlər içindədir. O, daha öncə Şimali Koreyadan əlavə silah və material dilənməyə getmişdi", - ABŞ-nin ozamankı müdafiə naziri Lloyd Ostin oktyabrda Putin haqqında belə demişdi.

Ukrayna rəsmiləri Şimali Koreya əsgərlərinin Kurska gəlib çıxacağı proqnozunu vermişdilər. Bundan iki ay öncə Ukrayna sürpriz hücumla Rusiyanın həmin sərhəd bölgəsini ələ keçirmişdi.

Doğrudan da, Ukrayna birlikləri Kurskda dəfələrlə şimali koreyalıları gördüklərini bildirmiş və onlardan bəzilərini əsir götürmüşdü.

Görəsən, onlar döyüş meydanında fərq yarada biliblərmi?

Avqust ayında Ukrayna ordusu sərhədi keçərək qısa zamanda Rusiyanın Kursk vilayətinin xeyli hissəsini, toplam 1300 kvadratkilometrlik ərazini ələ keçirdi. Bu İkinci Dünya müharibəsindən bəri xarici ordunun Rusiya ərazisinə ən iri müdaxiləsiydi.

Rusiyanın müdafiəsi ilk vaxtlar xaotik və intizamsız idi. Bu, yerli sakinlərdə təəccüb və qəzəb doğurmuşdu. Ancaq komandirlər hərbi birlikləri cəlb edərək yavaş-yavaş Ukrayna qoşunlarını geri çəkilməyə məcbur edə bilmişdi. Şimali Koreya əsgərləri isə oktyabrda gətirilib.

Rusiya və Şimali Koreyanın birləşmiş qoşunları bugünədək Ukrayna qüvvələrinin Kurskda ələ keçirdiyi ərazinin yarısından bir qədər çox hissəsini geri ala bilib.

Yeni ilin gəlişindən bir neçə gün sonra ukraynalı komandirlər Kursk bölgəsinə yeni hücum əmri verdilər. Məqsəd şimali koreyalıların ələ keçirdiyi əraziləri yenidən geri almaq idi. Səbəb tam aydın olmasa da, bəzi ekspertlərin fikrincə, məqsəd əraziləri ələ keçirərək mümkün sülh danışıqları zamanı onlardan mübadilə aləti kimi yararlanmaq ola bilər.

Bu hücum zamanı Ukrayna əsgərləri bir neçə şimali koreyalını əsir götürdü.

Koreya Koreya əsgərləri Pxenyanda hərbi parad zamanı
Koreya Koreya əsgərləri Pxenyanda hərbi parad zamanı

Sovet taktikası?

"Onlar sovet taktikası ilə fəaliyyət göstərirlər, tağım və bölüklərlə hərəkət edirlər. Çox görünmələrindən istifadə edirlər. Əlbəttə, onlar yetərincə cəsurdurlar, bu, problem deyil", - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski ötən ay verdiyi bir müsahibəsində belə deyib.

Ukrayna rəsmiləri Şimali Koreya qoşunlarını ciddi itkilərə məruz qoyduqlarını iddia edirlər. Prezident Volodımır Zelenski dekabrın sonlarında bu sayın 3 mini keçdiyini bildirmişdi.

Hərbi kəşfiyyat Şimali Koreya əsgərlərindən götürülən əşyaların – kitab və hətta mobil telefonların görüntülərini yayıb. Düzdür, onların məzmunu ictimaiyyətə açıqlanmayıb.

Sırski öz müsahibəsində 11-12 min şimali koreyalı əsgərin yarıya qədərinin öldüyünü, yaxud yaralandığını bildirib. Ancaq Ukrayna tərəfinin bu hesablamalarının doğruluq dərəcəsini yoxlamaq mümkün olmayıb.

Bu təxminlərin səsləndirilməsindən bir neçə gün öncə Cənubi Koreyanın əsas kəşfiyyat xidməti təxminən 1100 şimali koreyalının öldüyünü, yaxud yaralandığını bildirib. Ağ ev də dekabrın 27-də buna bənzər rəqəm göstərib: Min əsgərin, sadəcə, bundan öncəki bir həftə ərzində öldüyünə, yaxud yaralandığına diqqət çəkib.

Cənubi Koreya kəşfiyyatı yanvarın 13-də məlumatını yeniləyib və 200 şimali koreyalının öldüyünü, 2 min 700 nəfərinsə yaralandığını bildirib.

Ancaq qoşunların rotasiyası istənilən döyüş meydanında normal praktikadır. Yorulmuş əsgərlərin dincəlməyə ehtiyacı var. Çox itki verən birliklər də sıralarını yeniləməli və yenidən təşkil olunmalıdır. Bundan başqa, silah-sursat və mərmi ehtiyatları bərpa edilməlidir.

XS
SM
MD
LG