Xəbərlər
Azərbaycan Avropa Məhkəməsində ərizə sayına görə ilk onluqdadır
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2024-cü il üzrə illik hesabatı açıqlanıb. Hesabatda bildirilir ki, məhkəmədə baxılmasını gözləyən ərizələr (60350) hələ də çoxdur. Lakin bu, 2023-cü ilin sonu ilə müqayisədə 11.8 faiz azalıb. Baxılmasını gözləyən ərizələrin təxminən 2/3-si, əsasən, beş dövlətin payına düşür: Türkiyə (21600), Rusiya (8150), Ukrayna (7700), Rumıniya (3850) və Yunanıstan (2600).
Hesabatda AİHM-də ümumilikdə 14 dövlətlərarası işin olduğu da vurğulanıb. Bunlar sırasında Azərbaycanın da adı qeyd olunur. Azərbaycanın Ermənistana qarşı iki, Ermənistanın Azərbaycana qarşı dörd işi AİHM-dədir. Bunlarla yanaşı, Ukrayna və Gürcüstanın Rusiyaya, Ermənistanın Türkiyəyə qarşı qaldırdığı işlər də var.
2024-cü ildə icraata qəbul olunan ərizələrin sayı 28 min 800 olub. Azərbaycan üzrə bu rəqəm 600-dür. Hesabatda vurğulanır ki, bu, əvvəlki illərlə müqayisədə çoxdur. 2023-cü ildə bu göstərici 438, 2022-ci ildə 389 idi.
Əhalinin sayına nisbətdə 2024-cü ildə ən çox ərizə verilən ölkələr sırasında top beşliyə Xorvatiya (10 min nəfərə 2.27 ərizə) Monteneqro (1.80) Şimali Makedoniya, Sloveniya (1.80) və Serbiya (1.69) daxildir. Ötən il Azərbaycan üzrə bu göstərici 0.59 olub ki, bu da Avropanın 0.34-lük orta göstəricisindən yüksəkdir.
Ötən il AİHM-də Azərbaycan üzrə ümumilikdə 76 ərizə ilə bağlı qərar verilib. Hesabata görə, 39 ərizə üzrə məhkəmə hökmü çıxarılıb, 451 ərizə ya qəbuledilməz sayılıb, ya da icraatı dayandırılıb (2023-cü ildə 655 olub).
2024-cü ilin sonunda Azərbaycan üzrə AİHM-in icraatında gözləyən ərizələrin sayı 1968 olub (2023-cü ilin sonunda 1877 idi). Hesabatda vurğulanır ki, bu göstərici ilə Azərbaycan ilk 10 ölkə arasında yer alır.
Ramin Deko da evə buraxılmadı
Bu gün, fevralın 4-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" üzrə həbs edilən jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.
Məhkəmə vəsatəti təmin etməyərək jurnalist haqqında qətimkan tədbirini dəyişməyib.
Müdafiə tərəfi qeyd edir ki, vəsatət üçün əsas istintaq hərəkətlərin aparılmaması olub.
"Həbs-qətimkan tədbirin özü də heç bir sübut, dəlil olmadan seçilib. Hazırda da heç bir istintaq hərəkəti aparılmır. Biz hesab edirik ki, belə olan halda Ramin Cəbrayılzadənin həbsdə qalması üçün heç bir əsas yoxdur. Təəssüf ki, məhkəmə vəsatətimizi təmin etməyib", - vəkil Nemət Kərimli vurğulayıb.
Vəkilin sözlərinə görə, məhkəmədə R.Deko həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
R.Cəbrayılzadə ötən il dekabrın 6-da saxlanılıb. Həmin gün beş jurnalist - Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı də saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
30 yanvar
Aytac Əhmədovanın apellyasiya şikayəti təmin edilmədi
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsində "MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aytac Əhmədovanın (Tapdıq) şikayətinə baxılıb.
Hakim Elbəyi Həsənovun sədrliyi ilə keçirilən prosesdə jurnalist barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatətin Xətai rayon Məhkəməsində təmin edilməməsi ilə bağlı qərardan şikayətə baxılıb.
Vəkil Cavad Cavadov bildirib ki, şikayət təmin edilməyib: "Aytac Tapdıq özü də məhkəmədə iştirak edib. O bildirdi ki, 10 ildən çoxdur MeydanTV ilə əməkdaşlıq edir və onun həbsi sırf jurnalist fəaliyyətinə görədir. Biz də hesab edirik ki, burada Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusu açıq-aşkardır. Obyektiv əsaslar olsa da, istintaq və məhkəmələr onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçmirlər".
Vəkil qeyd edib ki, məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.
24 yanvar
Jurnalist Aysel Umudova da evə buraxılmadı
"MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aysel Umudova ev dustaqlığına buraxılmayıb.
Vəkil Aqil Layıc bildirib ki, A.Umudovanın ev dustaqlığına buraxılması ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət etmişdi və məhkəmə bu gün, yanvarın 24-də vəsatəti təmin etməyib: "Biz bilirdik ki, qərar belə olacaq. Sadəcə bu bir prosedurdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyimiz üçün ondan keçməliyik".
Müdafiə tərəfindən bildirildiyinə görə, A.Umudova məhkəməyə heç vaxt istintaqdan yayınmadığını, şahidlərə təsir etmədiyini deyib, ona görə də onu həbsdə saxlamağa əsas yoxdur: "O şərləndiyini bildirib, həbsini jurnalistika fəaliyyətinə bağlayır".
23 yanvar
Məhkəmə jurnalist Aytac Tapdığı da ev dustaqlığına köçürməkdən imtina edib
Yanvarın 23-də Bakının Xətai rayon Məhkəməsi MeydanTV ilə əməkdaşlıq etdiyi bildirilən jurnalist Aytac Tapdıqın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə vəkil Cavad Cavadov bildirib.
Müdafiə tərəfi hesab edir ki, jurnalistin həbsdə saxlanması üçün əsas yoxdur, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamları uydurmadır.
A.Tapdıq özü jurnalist fəaliyyətinə görə təqib edildiyini bildirib. Müdafiə tərəfi jurnalisti ev dustaqlığına və ya girov əvəzində azadlığa buraxmağı xahiş edib. Lakin məhkəmə onu həbsdə saxlayıb.
17 yanvar
'MeydanTV işi' üzrə həbs olunan jurnalistlərin şikayəti təmin edilməyib
"Meydan" televiziyası ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən Aynur Qəmbərova (Elgünəş) və Natiq Cavadlının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, müdafiə tərəfindən verilmiş vəsatət yanvarın 17-də Xətai rayon Məhkəməsində baxılıb.
Vəkil qeyd edib ki, məhkəmədə A.Qəmbərova jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib və həbsini siyasi motivli adlandırıb.
E.Sadıqov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
Ötən il dekabrın 8-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı saxlanılanların məhkəmə prosesi keçirilib. Məhkəmə Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayilzadə (Deko) və Ülvi Tahirov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən əlbir törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Jurnalistlərin hamısı "qaçaqmalçılıq" ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər. Onlar dekabrın 6-da saxlanmışdılar.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Vəkili Anar Məmmədlinin səhhətinin pisləşdiyini deyir
Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətindəki problemlərin getdikcə pisləşdiyi bildirilir.
Yanvarın 3-də 1 saylı Bakı İstintaq Təcridxanasında A.Məmmədli ilə görüşən vəkil Elçin Sadıqovun sözlərinə görə, onun başgicəllənmələri başlayıb, hüquq müdafiəçi baş və bel ağrılarından əziyyət çəkir.
O vurğulayır ki, səhhətindəki problemlərə baxmayaraq, hüquq müdafiəçisinin sözlərinə görə, ona adekvat tibbi yardım göstərilmir.
Müdafiə tərəfinin açıqlamasına Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
A.Məmmədlinin səhhəti ilə bağlı müdafiə tərəfi bundan öncədə bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.
İndiki və bundan əvvəlki həbsi
A.Məmmədli ötən il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar. Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Qaçaqmalçılıq…
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 330 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Terrorçuluğa hazırlıqda şübhəli sayılanlardan ölənlər və tutulanlar var
Azərbaycanda beynəlxalq terror təşkilatları ilə əlaqəli radikal dini-ekstremist qruplaşmanın zərərsizləşdirildiyi bildirilir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) fevralın 3-də birgə məlumat yayıblar.
Açıqlamada iddia edilir ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər "Meşə qardaşları" adlı terror qruplaşmasında iştirak ittihamı ilə məhkum olunan şəxsin başqa şəxslərlə birlikdə Qusar rayonunda terror aktları hazırlamaları, yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat ilə təchiz etmələri təsbit olunub.
Vurğulandığına görə, qruplaşma üzvlərindən biri Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək iki "RGO-78" əl qumbarası atıb, nəticədə xüsusitəyinatlılardan biri yaralanıb, həmin şəxs isə "zərərsizləşdirilib".
Habelə iddia edilir ki, Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizlənən qanunsuz silahlı birləşmənin dörd üzvü silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən həlak olublar: "Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər..., iki "Kalaşnikov" avtomatı, üç ov tüfəngi, patronlar və avtomat güllələri... müəyyən edilərək götürülüb".
Həmçinin bildirilir ki, görülmüş təxirəsalınmaz tədbirlərlə qruplaşma üzvü olan daha üç şəxs "silahlı müqavimət göstərərkən zərərsizləşdirilib".
Məlumata görə, ümumilikdə altı şəxs Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik,... zəminində terrorçuluğa hazırlıq) və digər maddələrlə ittiham edilərək həbs ediliblər.
Hələlik, rəsmi açıqlamaya haqlarında bəhs edilən həlak olan və tutulan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Bakı və Tehran qarşılıqlı etimadın artırılması barədə razılaşıblar
Fevralın 2-də İran prezidenti Məsud Pezeşkian Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
Bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb.
Hacıyev Peşeşkiandan əvvəl isə İran prezidentinin siyasi müşaviri Mehdi Sanai və xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.
Onun sosial şəbəkədə yazmasına görə, həmin şəxslərlə səmərəli müzakirələr aparıb.
"Azərbaycan-İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı", - Hacıyev vurğulayıb.
Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, müzakirələrdə qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.
25 yanvar
Azərbaycan XİN yenə İrana etirazını bildirib
İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
"Görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib", - press-relizdə vurğulanır. "Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin... anlaşılmazlıq yaratdığı qeyd olunub".
Bundan əvvəl, yanvarın 24-də Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran XİN-ə dəvət olunub, burada nazirin köməkçisi və Avrasiya İdarəsinin baş direktoru Moctaba Dəmirçi ilə görüşüb. MEHR agentliyinin yaydığı məlumata görə, Dəmirçi Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə münasibətdə "mənfi" hərəkətlərə toxunub. O, bunu iki xalq arasındakı münasibətlər üçün zərərli adlandırıb, İran tərəfin etirazını bildirib və bu hərəkətlərin təşəbbüskarlarını cəzalandırmağa çağırıb.
Bugünlərdə bəzi yerli media orqanlarının məlumatına görə, Azərbaycanda təhsil alan 10-a yaxın iranlı tələbə "əxlaqa zidd" davranışlarla bağlı ölkədən deport olunub.
Lakin belə məlumatları Azərbaycanın rəsmi qurumları, hələlik, nə təsdiq, nə də inkar ediblər.
8 yanvar
Əliyev İran Təhlükəsizlik Şurasının katibini qəbul edib
Prezident İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, İ.Əliyev deyib ki, Bakı regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan "3+3" formatının təşəbbüskarı da məhz Azərbaycan olub: "Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha vurğulanıb".
"3+3" formatı dedikdə İran, Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstanın əlaqələrindən bəhs edilir. Amma Gürcüstan həmin formatda görüşlərə qatılmır.
Habelə bildirildiyinə görə, görüşdə "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin, bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub.
"Söhbət zamanı dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu", - məlumatın sonunda bildirilir.
Bu görüş prezident İ.Əliyevin yerli televiziyalara müsahibəsində İranla bağlı bəzi tənqidi fikirlər səsləndirməsindən bir gün sonraya təsadüf edib. Amma görüşlə bağlı məlumatda prezidentin müsahibədə narahatlıqlarını bildirdiyi məsələlərdən bəhs edilmir.
Prezident İranla bağlı: '...Üzr istəyəcəklər, yoxsa yox?'
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin bu yaxınlarda Azərbaycanla bağlı açıqlamasına münasibət bildirib: "Burada sual ondadır ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir? Axı o, özbaşına gəlib orada oturmur".
Prezident suallarına davam edib: "...Üzr istəyəcəklər, yoxsa yox?".
Prezidentin deməsinə görə, İranın xarici işlər nazirinin açıqlaması kifayət deyil, həmin şəxs ən azı vəzifəsindən kənarlaşdırılmalıdır və Azərbaycandan üzr istəməlidir.
Prezident Əliyevin bu fikirlərinə, hələlik, İranın rəsmi qurumlarının münasibəti bəlli deyil.
1 yanvar
Azərbaycan İrana etiraz bildirib
Yanvarın 1-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir ki, dekabrın 29-da Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən "təhqiramiz" ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
"Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib", - məlumatda vurğulanıb.
+++
İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmasına münasibət bildirib.
Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir.
"İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir", - Dəmirçili IRNA agentliyinə bildirib.
Xatırlatma
İran-Azərbaycan münasibətlərində əvvəllər də müəyyən narazılıq olmuşdu. Bundan əvvəlki illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.
Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər. Ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.
Xanımı: Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini uzadıb
Yanvarın 31-də Tbilisi şəhər Məhkəməsinin "Azel TV" saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzatdığı bildirilir.
Həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, Ə.Sadıqov özü və vəkili məhkəmənin keçiriləcəyini son anda Sosial Ədalət Mərkəzindən öyrəniblər.
Xanımının əlavə etməsinə görə, müdafiə tərəfinin onun ev dustaqlığına və ya Gürcüstanda jurnalistlər qrupunun zaminliyi əvəzində buraxılması haqqında vəsatəti təmin olunmayıb.
Bununla belə, bundan öncə Gürcüstanın Sosial Ədalət Mərkəzi də bildirmişdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına görə, Gürcüstan məhkəməsi bu iş üzrə yekun qərar qəbul edənə qədər Sadıqov Azərbaycana ekstradisiya edilməməlidir.
Ə.Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib.
2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi.
Amma, hələlik, Ə.Sadıqovun həbsinin uzadılması ilə bağlı xanımının dediklərini Tbilisi şəhər Məhkəməsinin özündən dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
"Azel TV" saytının təsisçisi və baş redaktoru Ə.Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.
Azadlığa çıxdıqdan sonra da o, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası almışdı. Ə.Sadıqov onda da ittihamı qəbul etmirdi.
İtaliyada 'DeepSeek' neyron şəbəkəsi ilə bağlı araşdırma başlanıb
İtaliyanın şəxsi məlumatların qorunması üzrə tənzimləyici qurumu (GPDP) Çinin "DeepSeek-R1" süni intellekt tətbiqinin ölkədə "Apple" və "Google" onlayn mağazalarından çıxarıldığını açıqlayıb.
GPDP bildirib ki, "DeepSeek"dən şəxsi məlumatların istifadəsi ilə bağlı suallarına cavab tələb edib. Qurum hansı şəxsi məlumatların hansı məqsədlə toplandığını, onların Çində saxlanıb-saxlanılmadığını öyrənmək istəyib. Lakin qarşı tərəf GPDP-nin suallarına cavab verməyib.
Tənzimləyici qurum Çin neyron şəbəkəsinin tərtibatçılarına italiyalı müştərilərin məlumatlarını emal etməmək və Avropa qanunvericiliyinə uyğunluq tələbi ilə sorğu göndərib. Çin şirkətlərinin cavabı o olub ki, şirkət Avropada fəaliyyət göstərmir və Avropa qanunlarına tabe deyil. GPDP bu cavabı əsassız sayıb və mümkün qanun pozuntuları ilə bağlı araşdırmaya başlayıb.
"Il Sole 24 Ore" nəşri yazır ki, GPDP-nin tələbindən sonra "DeepSeek" artıq tətbiqini İtaliya bazarından çıxarıb, lakin internet saytı vasitəsilə fəaliyyətini davam etdirir.
"DeepSeek-R1" İtaliya bazarından çıxarılmazdan əvvəl ölkədə ən çox yüklənən applikasiya olub.
Ağcabədidə partlayışda 5 nəfər ölüb
Ağcabədi rayonunda parlayış nəticəsində ölən və yaralananların olduğu deyilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki evlərdən birində beş nəfərin ölməsi, iki nəfərin yaralanması ilə nəticələnən partlayışa dair məlumat alıblar.
Yerli mediada yer alan iddialara görə, hadisə əl qumbarasının partlaması nəticəsində baş verib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Keçmiş ABŞ senatoru Menendes rüşvətə görə 11 il həbs edildi
Nyu-Yorkun federal məhkəməsi keçmiş demokrat senator Bob Menendesi 11 il həbs cəzasına məhkum edib. Keçmiş senator qızıl və nağd pulla rüşvət almaqda və Misirin xeyrinə qeyri-qanuni lobbiçilikdə təqsirli bilinib.
20 ildir Nyu-Cersi ştatından senator olmuş və bir müddət Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş Menendes keçən ilin yayında andlılar məhkəməsi onu təqsirli bildikdən sonra istefaya getməyə məcbur olub.
Məhkəmə zalında keçmiş senator göz yaşlarını saxlaya bilməyib, hakimdən güzəştə getməsini xahiş edib. Menendes ailəsinin dəstəyindən başqa həyatda sahib olduğu hər şeyi itirdiyini deyib.
Hakim hökmü elan edərkən qeyd edib ki, Menendesin yaxşı adı, reputasiyası və gücü olsa da, o, bütün bunlardan öz şəxsi məqsədləri, varlanmaq üçün istifadə edib. Təhqiqatın nəticəsində görə, senator Nyu-Cersidən olan üç iş adamından onların maraqlarının müdafiəsi qarşılığında rüşvət alıb. Onun Misir hökumətindən bu ölkənin maraqları ilə bağlı Senatda lobbiçilik, Birləşmiş Ştatların Qahirəyə sərfəli hərbi yardım müqavilələrini təmin etməsi üçün rüşvət aldığı iddia olunur.
Menendesin evində axtarış zamanı Federal Təhlükəsizlik Bürosunun (FBI) əməkdaşları təxminən 500 min dollar pul və qızıl külçələr tapıblar. Sabiq senator təqsirsiz olduğunu israr edir və hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
Uzun müddətdir demokrat olaraq hazırkı prezident Donald Trampın əleyhdarı olsa da, Menendes öz bəyanatında əvvəllər Trampın Nyu-York məhkəmələrinin siyasiləşdirilməsi ilə bağlı fikirləri ilə razılaşıb və prezidentin məhkəmə sisteminə inamı bərpa edəcəyinə ümidini bildirib.
BMT baş katibi 2 min 500 uşağı Qəzzadan təxliyə etməyə çağırır
BMT-nin baş katibi Antonio Quterreş Qəzzada çalışmış ABŞ həkimləri ilə görüşdükdən sonra təcili müalicə üçün 2 min 500 uşağın Qəzzadan dərhal təxliyə edilməsi ilə bağlı çağırış edib. Quterreş yanvarın 30-da amerikalı həkimlərlə görüşündən dərindən təsirləndiyini bildirib. Görüşdən sonra X sosial mediasında paylaşım edərək "2 min 500 uşaq dərhal təxliyə edilməli, onların ailələrinə və icmalarına qayıtmaq hüququ təmin olunmalıdır", – deyə vurğulayıb.
Həkimlər görüşdə bu uşaqların qarşıdakı həftələrdə ölüm riski ilə üz-üzə olduğunu bildiriblər.
"Reuters" xəbər verir ki, Quterreşlə görüşən bu dörd həkim İsrail və HƏMAS (ABŞ və Aİ tərəfindən terrorçu qrup kimi tanınır) arasında 15 ay davam edən müharibə zamanı müxtəlif vaxtlarda Qəzzada könüllü fəaliyyət göstəriblər.
İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 12 mindən çox xəstənin tibbi təxliyə gözlədiyini bəyan etmişdi.
"Ən azı 2 min 500 uşaq qarşıdakı bir neçə həftə ərzində ölüm təhlükəsi altındadır. Bəziləri artıq bu dəqiqə dünyasını dəyişir. Bəziləri sabah öləcək. Bəziləri isə ondan sonrakı gün", - kaliforniyalı cərrah Ferouz Sidhva bildirib.
Stenford Universiteti Xəstəxanasının təcili yardım həkimi Ayeşa Xan isə Qəzzada olarkən burada protez və reabilitasiya imkanları olmayan çox sayda amputasiya edilmiş uşaqlarla qarşılaşdığını bildirib.
Qəzzada könüllü olmuş çikaqolu təcili yardım həkimi isə jurnalistlərə deyib ki, atəşkəs razılaşmasına əsasən, tibbi təxliyələr üçün mexanizm yaradılmalı idi: "Lakin biz hələ də həmin prosesin necə işlədiyini görməmişik".
Həkim uşaqların çıxarılması üçün heç bir rəsmi prosesin olmadığını da əlavə edib: "Bəs onlar geri qayıda biləcəklərmi? Hazırda Rəfah sərhəd-keçid məntəqəsinin yalnız çıxış üçün açılması müzakirə olunur, lakin bu, qayıtmaq hüququ olmadan çıxış deməkdir".
Yanvarın əvvəlində, atəşkəsdən öncə ÜST müharibənin başladığı 2023-cü ilin oktyabrından bəri onun dəstəyi ilə 5 min 383 xəstənin təxliyə olunduğunu açıqlamışdı. Bu xəstələrin əksəriyyəti ilk yeddi ay ərzində, Misirlə Qəzza arasındakı Rəfah sərhəd-keçid məntəqəsinin bağlanmasından əvvəl çıxarıla bilmişdi.
Xatırlatma
İsrail və HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Təxminən 1 min 200 nəfər, əsasən, dinc sakinlər öldürülüb, 251 nəfər girov götürülərək Qəzzaya aparılıb. İsrail buna cavab olaraq Fələstin anklavında dağıdıcı müharibəyə başlayıb. HƏMAS-ın nəzarətindəki Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu müharibə 46 mindən çox insanın ölümünə səbəb olub. İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza kütləvi dağıntılarla üzləşib və 2.3 milyon sakininin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
2025-ci il yanvarın 15-də tərəflər arasında atəşkəs əldə olunub. Bir neçə mərhələdən ibarət olan razılaşma HƏMAS-ın Qəzzadakı israilli girovları azad etməsi, 2 minə yaxın fələstinli məhbusun İsrail həbsxanalarından buraxılması, fələstinlilərin öz evlərinə qayıtması, HƏMAS tərəfindən idarə olunan anklava humanitar yardımın daxil olması kimi müddəaları ehtiva edir.
'Quran'ı yandıran Salvan Momika İsveçdə öldürülüb
İsveç mediasının yaydığı xəbərə görə, 38 yaşlı iraqlı qaçqın Salvan Momika yanvarın 29-u axşam saatlarında Stokholm şəhərinin Södertelye bölgəsindəki mənzilində güllələnib.
Stokholm polisi verdiyi açıqlamada hadisə ilə bağlı beş nəfərin saxlanıldığını bildirib.
İsveçdə yaşayan Momika 2023-cü ildə bir neçə dəfə antiislam aksiyası təşkil edib. Bu aksiyalardan birində o, Stokholm mərkəzi məscidinin qarşısında İslamın müqəddəs kitabını yandırıb. Bu hadisə Müsəlman ölkələrində ciddi qəzəbə səbəb olub. İsveçin Bağdaddakı səfirliyi iki dəfə hücuma məruz qalıb, İsveç səfiri diplomatik böhran fonunda ölkədən çıxarılıb.
2023-cü ilin avqustunda İsveçin təhlükəsizlik xidməti Quranın yandırılmasından sonra ölkənin prioritet hədəfə çevrildiyini əsas gətirərək terror təhlükəsi səviyyəsini beş ballıq şkala üzrə dördə qaldırıb.
İsveç hökuməti bu hərəkətləri pisləsə də, ölkədə ifadə və toplaşmaq azadlığının konstitusiya ilə qorunduğunu vurğulayıb. Bununla belə, isveçli prokurorlar kontekstdən və hadisə zamanı verilən açıqlamalardan asılı olaraq, belə hərəkətlərin "etnik qrupa qarşı nifrət təbliğatı" kimi də qiymətləndirilə biləcəyini bəyan edib.
S.Momikanın işi digər bir etirazçı Salvan Nacem ilə birgə məhkəmədə idi və yanvarın 30-da məhkəmə qərar çıxarmalı idi. Stokholm məhkəməsi açıqlama yayaraq bildirib ki, məhkəmə hökmü təqsirləndirilən şəxslərdən birinin ölməsi səbəbi ilə təxirə salıb.
Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub
Vaşinqton şəhər hava limanı yaxınlığında, Potomak çayı üzərində sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması ilə əlaqədar ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisənin yerli vaxtla saat 21:00 radələrində baş verdiyini bildirib.
"CBS News" qəza yerində işləyən polisə istinadən xəbər verir ki, sudan 18 cəsəd çıxarılıb. Mənbənin sözlərinə görə, fəlakət nəticəsində sağ qalan hələ tapılmayıb.
Ronald Reyqan Milli Hava Limanından bütün qalxış və enişlər dayandırılıb.
Helikopterlə toqquşan təyyarənin "Bombardier" olduğunu açıqlayan FAA əlavə edib ki, təyyarə Kanzas ştatının Uiçito şəhərindən havaya qalxıb. O, eniş üçün yaxınlaşan zaman "Sikorsky H-60" helikopteri ilə havada toqquşub.
"American Airlines"in məlumatına görə, təyyarədə 60 sərnişin və dörd heyət üzvü olub.
"Sikorsky H-60 (Blackhawk)" helikopterində isə üç hərbçinin olduğu bildirilir.
Təyyarədə dünya çempionları da olub
Vaşinqtonda Potomak çayı üzərində sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində ölənlər arasında fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları Vadim Naumov və həyat yoldaşı Yevgeniya Şişkovanın da olduğu bildirilir.
1994-cü il Dünya Çempionatında cütlükdə qızıl medal qazanan Naumov və Şişkova idmançı karyeralarını bitirdikdən sonra Birləşmiş Ştatlara köçərək məşqçi fəaliyyətinə başlayıblar.
Onların 23 yaşlı oğlu Maksim ABŞ vətəndaşıdır və beynəlxalq yarışlarda Birləşmiş Ştatları təmsil edir. O, 2020-ci ildə gənclər arasında ABŞ çempionu olub.
'Gürcü arzusu' AŞPA-da fəaliyyətini dayandırıb
"Gürcü arzusu" partiyası Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb. Bu, AŞPA-nın Gürcüstanı yeni parlament seçkilərinin tarixini təyin etməyə çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul etməsindən sonra baş verib. Sözügedən qətnamə 114-13 səs çoxluğu ilə qəbul edilib. Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani qətnamənin şərtlərini "qəbuledilməz, ədalətsiz və əsassız" adlandırıb.
Qətnamə Gürcüstan hakimiyyətini aprel ayına qədər yeni parlament seçkilərinin tarixini təyin etməyə, bütün siyasi məhbusları azadlığa buraxmağa və mübahisəli qanunlara yenidən baxmağa çağırır. Bu tələblər Tbilisidə və ölkənin digər bölgələrində Avropayönümlü etiraz aksiyalarını davam etdirən nümayişçilərin çağırışları ilə üst-üstə düşür.
"News Georgia" nəşrinin məlumatına görə, Tsulukiani qətnamənin yeni seçkilər keçirilməsi tələbini "Gürcüstanın suverenliyinin pozulması və 1 milyon 120 mindən çox "Gürcü arzusu" seçicisinin iradəsinin nəzərə alınmaması" kimi dəyərləndirib və bunu "qətiyyən qəbuledilməz" adlandırıb.
"Tərəfimizdən bu tələbi qəbul etmək seçicilərimizə və dolayısı ilə cəmiyyətimizin böyük hissəsinə xəyanət etmək olardı. Yuxarıda qeyd olunanlara əsasən, biz – Strasburqda olan Gürcüstan parlament nümayəndə heyətinin üzvləri bugündən etibarən AŞPA-dakı fəaliyyətimizi dayandırırıq", - Tsulukiani yanvarın 29-da bildirib.
Xatırlatma
"Gürcü arzusu" ötən ay keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilinin namizədliyini prezident postuna irəli sürüb və daha sonra onu hakimiyyətə gətirib. Bu addım 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkilərinin azad və ədalətli olmadığı ilə bağlı iddialara baxmayaraq atılıb.
Partiya seçkilərdə qalib gəldiyini iddia etsə də, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu prosesin səslərin satın alınması, ikiqat səsvermə, fiziki zorakılıq və təzyiqlərlə müşayiət olunduğunu bildirib.
Buna cavab olaraq, ölkədə antihökumət etirazları başlayıb. Noyabrda hakimiyyətin Gürcüstanın Avropa İttifaqına qoşulması ilə bağlı danışıqları təxirə salmaq qərarı bu etirazları daha da gücləndirib.
Hakimiyyət nümayişlərə sərt şəkildə müdaxilə edib, yüzlərlə insan həbs olunub, həmçinin etirazçılar Çin istehsalı olan üztanıma kameraları vasitəsilə izlənilib.
Putin 'qeyri-legitim' saydığı Zelenski ilə danışıqlar aparmayacağını deyib
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskini "qeyri-legitim" adlandıraraq onunla birbaşa sülh danışıqlarını istisna edib. Zelenski isə buna cavab olaraq Putini təxminən üç ildir sürən münaqişənin həlli üçün danışıqlardan qorxmaqda ittiham edib.
"İstənilən şəxslə danışıqlar aparmaq olar, lakin onun [Zelenskinin] qeyri-legitimliyi səbəbindən nəsə imzalamaq hüququ yoxdur", – Putin yanvarın 28-də "Rossiya 1" telekanalına bildirib.
Onun sözlərinə görə, əgər Zelenski danışıqlarda iştirak edərsə, birbaşa üz-üzə görüşmək əvəzinə, xüsusi nümayəndələr ayıracaq.
Putin artıq bir neçə dəfə bəyan edib ki, o, Zelenskini legitim lider saymır, çünki "onun beşillik prezidentlik müddəti keçən il, mayın 20-də başa çatıb".
2024-cü il martın 31-də Ukraynada seçkilər keçirilməli idi, lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəsinə görə ölkədə hərbi vəziyyət davam etdiyi üçün seçkilər təxirə salınıb.
"Bu gün Putin bir daha təsdiq etdi ki, o, danışıqlardan, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün əlindən gələni edir", – Zelenski sosial mediada paylaşımında bildirib.
Tramp Netanyahunu Ağ evə dəvət edib
İsrail baş nazirinin X sosial şəbəkəsindəki rəsmi hesabında bildirilib ki, ABŞ prezidenti Donald Tramp Benyamin Netanyahunu fevralım 4-də Ağ evdə görüşə dəvət edib.
Məlumatda vurğulanıb ki, Netanyahu Trampın ikinci prezidentlik müddətində Ağ evə dəvət edilən ilk xarici liderdir.
"Guardian" xəbər verir ki, dəvətlə bağlı prezident Tramp məktub göndərib. Məktubda bildirilib ki, görüşün məqsədi "İsrail və onun qonşularına necə sülh gətirə biləcəyimizi və ortaq düşmənlərimizlə mübarizə səylərini müzakirə etmək" ilə bağlıdır.
Prezident Tramp daha əvvəl jurnalistlərə açıqlamasında deyib ki, o, Qəzzadakı atəşkəsin davam edəcəyinə əmin deyil.
Atəşkəs şərtlərinə görə, İsrail və HƏMAS tezliklə daha uzunmüddətli sülh danışıqlarına başlamalıdır. Lakin çoxları bunun uğursuzluğundan və 15 aydan çox davam edən döyüşlərdən sonra əldə olunan atəşkəsin müvəqqəti olacağından narahatdır.
Tramp müəyyən silahların İsrailə tədarükü ilə bağlı Bayden administrasiyasının qadağasını ləğv edib.
Ukrayna müdafiə naziri korrupsiyada ittiham olunur
Ukraynanın müdafiə naziri Rustem Umerova qarşı cinayət işi açılıb. Bu, Müdafiə Satınalmaları Agentliyinin (AOZ) rəhbərinin müqaviləsinin uzadılması əmrinə Umerovun əməl etməməsi ilə bağlıdır.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) yanvarın 28-də AzadlıqRadiosuna bildirib ki, müdafiə naziri Umerovun öz səlahiyyətlərindən və ya rəsmi mövqeyindən sui-istifadə etməsi ehtimalı üzrə istintaq başladıb. Qeyd olunub ki, Umerov AOZ-un rəhbəri Marina Bezrukovanın müqaviləsini yeniləməkdən imtina edib və agentliyin Müşahidə Şurasının iki üzvünü vəzifədən çıxarıb.
NABU-nun bildirdiyinə görə, Umerovla bağlı istintaq qeyri-hökumət təşkilatı olan Antikorrupsiya Fəaliyyəti Mərkəzi (AntAC) tərəfindən verilmiş şikayət əsasında başladılıb.
Umerovla bağlı istintaq xəbəri Ukrayna Nazirlər Kabineti Müdafiə Nazirliyinin satınalma əməliyyatlarında aparılan dəyişikliklər çərçivəsində müdafiə nazirinin müavini Dmitro Klimenkovu vəzifəsindən azad etməsindən bir neçə saat sonra yayılıb.
Bu addımlar Ukraynanın üç ildir davam edən Rusiya işğalına qarşı mübarizəsində həlledici rol oynayan bir sektorda idarəetmə islahatlarına olan təcili ehtiyacı göstərir.
NABU bəyanatında bildirib ki, səlahiyyətlərdən və ya rəsmi mövqedən sui-istifadə ittihamı təsdiqlənərsə, bu, 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə, eləcə də cərimələr və digər sanksiyalarla cəzalandırıla bilər.
Rusiyanın müxtəlif regionlarına dron hücumları edilib
Rusiya hökumət rəsmiləri Smolensk, Nijni Novqorod, Tver, Kursk, Leninqrad və Bryansk vilayətlərində yanvarın 28-dən 29-na keçən gecə Ukrayna dronlarının hücumlarını qeydə aldıqlarını açıqlayıblar.
"Smolensk vilayətinin müxtəlif ərazilərində mülki obyektlər dronlar tərəfindən genişmiqyaslı hücuma məruz qalır", – vilayətin qubernatoru Vasili Anoxin "Telegram" kanalında yazıb. O bildirib ki, dronlardan biri nüvə enerji obyektinə hücum etməyə cəhd göstərərkən vurulub. Smolensk Atom Elektrik Stansiyası vilayətin əsas enerji istehsal müəssisələrindən biridir və Smolensk şəhərindən təxminən 100 kilometr məsafədə yerləşir.
Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin də bir dronun Kstov sənaye zonasında yerləşən yanacaq və enerji kompleksinin ərazisinə düşdüyünü bildirib.
Ukrayna sərhədi yaxınlığında yerləşən Bryansk və Moskvaya yaxın Tver vilayətlərinin qubernatorları da dron hücumlarının olduğunu bildiriblər, lakin onların sözlərinə görə, tələfat və dağıntı qeydə alınmayıb.
Təhlükəsizlik səbəbi ilə Kazan və Sankt-Peterburq hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında bir neçə region üzərində ümumilikdə 104 Ukrayna dronunun vurulduğunu xəbər verib.
Hər iki tərəf son aylarda pilotsuz uçuş aparatlarından (PUA) istifadəni artırıb və tez-tez düşmənin enerji infrastrukturunu hədəf alır.
Fransa Qrenlandiyaya qoşun göndərəcəyini istisna etmir
Fransanın xarici işlər naziri Jan Noel Baro "Sud Radio"ya müsahibəsində deyib ki, Paris Birləşmiş Ştatlar prezidenti Donald Trampın Danimarka ərazisini ilhaq etməklə bağlı bəyanatlarına cavab olaraq Qrenlandiyaya qoşun göndərilməsi məsələsini Kopenhagenlə müzakirə edib.
Baro Fransanın Danimarka ilə qoşun yerləşdirməni müzakirə etməyə başladığını, lakin bu ideyanın reallaşmasının "Danimarkanın arzusu" olmadığını əlavə edib.
Baronun bu açıqlaması Danimarka baş naziri Mette Frederiksenin müttəfiqlərdən dəstək almaq üçün Avropa paytaxtlarına səfərlərinin baş tutduğu vaxta təsadüf edir.
Tramp Danimarkanın nəzarətində olan nəhəng Arktika adasına sahib çıxmaq üçün mümkün imkanlardan istifadə edəcəyini bir neçə dəfə bildirib. Trampın fikrincə, Qrenlandiyaya nəzarət ABŞ-nin təhlükəsizliyi üçün vacibdir.
Danimarka baş naziri Frederiksen isə Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla danışmaq üçün yanvarın 28-də səhər Berlin və Parisdə olub. Eyni zamanda o, Brüsseldə NATO-nun baş katibi Mark Rütte ilə görüşməyə hazırlaşır.
Bir neçə gün əvvəl isə Danimarka hökumət başçısı İsveç, Norveç və Finlandiya liderləri ilə görüşüb.
"Danimarka köməyə çağırsa, Fransa orada olacaq. Avropa sərhədləri istər şimal, istər cənub, istər şərq və qərb olsun, suverendir... heç kim sərhədlərimizi poza bilməz", - Fransanın baş diplomatı müsahibəsində vurğulayıb.
Baro həmçinin bildirib ki, Avropa İttifaqının xarici işlər nazirlərinin yanvarın 27-də Brüsseldə keçirilən görüşü zamanı onlar Kopenhagenə "çox güclü dəstək" ifadə ediblər və lazım gələrsə, "qoşunların göndərilməsini nəzərdən keçirməyə hazırdırlar".
Bununla belə, Fransa xarici işlər naziri Birləşmiş Ştatların Qrenlandiyanı işğal edəcəyinə inanmadığını söyləyib. "Amerikalılar Qrenlandiyanı işğal edəcəkmi? Yox, bu baş verməyəcək, heç kimin Avropa İttifaqı ilə münaqişəyə girmək marağı yoxdur", - fransalı nazir sonda deyib.
Rusiya səfiri də Azərbaycan XİN-ə çağrılıb
Bu gün, yanvarın 28-də Rusiya Federasiyasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
Azərbaycan XİN bildirir ki, görüş zamanı Rusiya mətbuatında, eləcə də bəzi rəsmi dairələri tərəfindən "dezinformasiya xarakterli", onları "hədəf alan" yazıların dərc olunmasının anlaşılmazlıq yaratdığı, iki ölkə arasında 3 il əvvəl imzalanan "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb: "AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiyadan gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb".
Açıqlamaya görə, yerli mətbu orqanında "Rus evi" ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Rusiya Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, yanvarın 27-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevi bu quruma dəvət ediblər və nazir müavini Mixail Qaluzin onunla görüşüb.
XİN-in məlumatına görə, görüş zamanı nazir müavini "Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda əlaqələrin qurulmasının mütləq əhəmiyyətini vurğulayıb".
Açıqlamaya görə, görüşdə habelə "Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda Rus Evinə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccüb ifadə olunub".
Bugünlərdə hakimiyyətyönlü "Baku TV" peyk telekanalında Bakıda yerləşən "Rus Evi" mədəniyyət mərkəzi ilə bağlı reportaj efirə gedib. "Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi" adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar yer alıb. Rusiya XİN bildirib ki, Mixail Qaluzin bu iddiaları "tamamilə əsassız" adlandırıb.
Görüşdə həmçinin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması da müzakirə olunub. "Faciənin bütün detallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb", -Rusiya XİN bildirib.
Xatırlatma
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Azərbaycan prezidenti İlham Əliyev yerli mediaya deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə yönləndirilib və yalnız pilotların şücaəti, peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarına zəng edərək başsağlığı verib və hadisənin Rusiya səmasında baş verdiyinə görə üzr istəyib. Ancaq Rusiya hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.
Azərbaycan həm məsuliyyətin müəyyən olunması və həm də kompensasiya ödənilməsini tələb edir.
Tramp 'DeepSeek'in yüksəlişini ABŞ üçün 'xəbərdarlıq siqnalı' adlandırıb
Birləşmiş Ştatlar prezidenti Donald Tramp Çinin "DeepSeek" şirkətinin yüksəlişini "ABŞ texnologiya sənayesi üçün bir xəbərdarlıq siqnalı" adlandırıb. "DeepSeek" startapının "DeepSeek-R1" süni intellekt çat-botunun ortaya çıxması Uolt Stritdə ciddi təsirlər yaradıb. Belə ki, "Nvidia" kimi böyük texnologiya şirkətlərinin səhmləri kəskin şəkildə dəyər itirib. BBC xəbər verir ki, çip nəhəngi bazar dəyərində təxminən 600 milyard ABŞ dolları itirib.
Bu, ABŞ-nin süni intellekt sahəsindəki üstünlüyünün gələcəyi və Amerika şirkətlərinin planlaşdırdığı investisiyaların miqyası ilə bağlı suallar doğurur.
"DeepSeek R1" istifadəyə verildikdən cəmi bir həftə sonra ABŞ-də ən çox yüklənən pulsuz tətbiqə çevrilib.
Bu xəbərə münasibət bildirən prezident Tramp Çinin süni intellekt sənayesindəki son inkişafının ABŞ üçün "müsbət" ola biləcəyini deyib.
"Əgər bunu daha ucuz edə, daha az xərclə eyni nəticəyə nail ola bilirsinizsə, bunun bizim üçün yaxşı bir şey olduğunu düşünürəm", - Tramp jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin bu irəliləyişdən narahat olmadığını əlavə edib və ABŞ-nin bu sahədə üstün mövqeyini qoruyacağını vurğulayıb.
BBC-nin məlumatına görə, "DeepSeek" bəzi ölkələrdə kibertəhlükəsizliklə bağlı narahatlıqlara da səbəb olub. Avstraliyanın elm naziri Ed Husiç bu məsələdə ehtiyatlı davranmağa çağırıb. O, yerli ABC telekanalına müsahibəsində bu tətbiqlə bağlı sualların yarana biləcəyini deyib: "Zamanla keyfiyyət, istehlakçı üstünlükləri, məlumat və məxfilik idarəçiliyi ilə bağlı cavablandırılması lazım olan bir çox sual meydana çıxacaq".
Tərtibatçıları iddia edirlər ki, "DeepSeek-R1" təxminən 6 milyon dollara başa gəlib – bu, rəqiblərin xərclədiyi milyardlarla müqayisədə əhəmiyyətli dərəcədə azdır.
CNN qeyd edir ki, "DeepSeek"in ortaya çıxması Birləşmiş Ştatların süni intellekti dəstəkləyən qabaqcıl çip texnologiyalarının Çinə satışını məhdudlaşdırdığı bir vaxta təsadüf edir. Çiplərin sabit tədarükü olmadan işlərini davam etdirmək istəyən Çin şirkətləri öz işlərini bir-birləri ilə bölüşüblər və texnologiyaya dair yeni yanaşmaları sınaqdan keçiriblər. Nəticədə əvvəlkindən qat-qat az hesablama gücü tələb edən süni intellekt modelləri yaranıb.
Fərid Mehralızadənin şikayətinə məhkəmə də prokurorluq kimi baxdı
Yanvarın 28-də Səbail rayon Məhkəməsində AzadlıqRadiosunun həbsdə olan jurnalisti, iqtisadçı Fərid Mehralızadənin şikayəti üzrə məhkəmə prosesi keçirildi.
F.Mehralızadənin yoldaşı Nərgiz Muxtarovanın sözlərinə görə, şikayət prokurorluğunun qərarından verilmişdi: "Fərid saxlanılarkən pis rəftara məruz qalıb. O, küçədə başına torba keçirilərək oğurlanıb. Fərid zorakılıqla maşına mindirilib, qolları qandallanıb və yolboyu da zorakılığa məruz qalıb. Yoldaşımın əlindən zorla maşının açarları və telefonu alınıb. Daha sonra o, naməlum ünvanda 15-20 dəqiqə saxlandıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinə gətirilib. Yalnız müstəntiqin qarşısında Fəridin başından torba çıxarılıb. Biz bununla bağlı şikayəti prokurorluğa vermişik. Prokurorluq isə işgəncə hallarını tanımayıb".
N.Muxtarova qeyd edib ki, prokurorluğa şikayətdə küçə kameralarının görüntüləri və jurnalistin telefon-anten məlumatları istənilmişdi: "Amma bizə bu məlumatların heç biri verilməyib, yalnız polis əməkdaşları dindirilib və qərar qəbul olunub ki, Fərid zorakılığa məruz qalmayıb. Biz prokurorluğunun bu qərarından şikayət verdik və bu gün həmin şikayətə baxılırdı. Məhkəmə qərarı eyni formada qüvvədə saxladı, bizim şikayətimizi təmin etmədi və dediyimiz heç bir məqamı nəzərə almadı".
F.Mehralızadə 2024-cü il mayın 30-da saxlanıb. İyunun 1-də Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı "AbzasMedia işi" ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra həmin ittiham ağırlaşdırılıb. O, ittihamları qəbul etmir, qurama sayır.
Xatırlatma
Son 14 ayda Azərbaycanda aralarında "AbzasMedia" nəşrinin əməkdaşları da daxil qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların bir çoxuna sonradan qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar da verilib. Əvvəlki ittihamla 8, ağırlaşdırılandan sonra isə 12 ilə qədər həbs nəzərdə tutulur. Onların heç biri ittihamlarla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.
Serbiyanın baş naziri istefa verib
Serbiyanın baş naziri Miloş Vuçeviç istefasını mətbuat konfransında elan edib. Baş nazir bu qərarı artıq bir müddətdir davam edən kütləvi etiraz aksiyaları fonunda verib.
Mətbuat konfransında Vuçeviç "Novi-Sadın meri və mən Novi-Sadda baş verənlərə görə özümüzü obyektiv olaraq cavabdeh sayırıq və buna görə siyasi məsuliyyətimizi qəbul edərək istefa veririk" deyərək istefasını açıqlayıb.
"Baş nazirin istefası ilə bütün kabinet buraxılır, praktik olaraq bütün hökumət istefa verir. Yeni hökumət seçilənə və ya yeni bir siyasi qərar qəbul edilənə qədər işimizi məsuliyyətlə davam etdirəcəyik", - Vuçeviç bildirib. O əlavə edib ki, prezident Aleksandar Vuçiç onun istefa qərarını qəbul edib.
Serbiya Konstitusiyasına görə, əgər parlament baş nazirin rəsmi istefasından sonra 30 gün ərzində yeni hökumət seçə bilməzsə, prezident parlamenti buraxmalı və yeni seçkilər təyin etməlidir.
Serbiyada etirazlar noyabrda Novi-Sad şəhərində dəmiryol stansiyasının damının çökməsindən sonra başlayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub.
Bir çox insan faciəyə görə korrupsiyanı və tikinti işlərinə zəif nəzarəti günahlandırır.
Etirazlar əvvəlcə Novi-Sad faciəsinə yönəlsə də, sonradan Serbiya hakimiyyətinin etirazçıları həbs etməsi insanların qəzəbini artırıb.
HƏMAS-ın ilk mərhələdə azad etməli olduğu girovlardan səkkizi ölüb
İsraillə atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində HƏMAS-ın (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınır) azad etməli olduğu 33 girovdan səkkizi ölüb. Bunu jurnalistlərə İsrail hökumətinin sözçüsü David Menser bildirib. Hökumət sözçüsü deyib ki, sağ olanlarla bağlı siyahı HƏMAS tərəfindən təqdim olunub.
"HƏMAS-ın siyahısı İsrailin kəşfiyyat məlumatı ilə üst-üstə düşür, ona görə də sizinlə paylaşa bilərəm... Səkkiz girov HƏMAS tərəfindən öldürülüb", - o, ölənlərin adını çəkmədən deyib.
Bununla da, HƏMAS-ın təqdim etdiyi siyahıya görə, yaxın həftələrdə azad edilməli olan 26 girovdan yalnız 18-i sağ-salamat qayıdacaq.
Bu həftə altı nəfərin sərbəst buraxılacağı gözlənilir. Belə ki, yanvarın 30-da girovların üçü, fevralın 1-də isə digər üç nəfər İsrailə təhvil verilməlidir. Onların arasında, vədlərə baxmayaraq, daha əvvəl azad edilməyən Arbel Yahud da var. İsrail HƏMAS-ı razılaşmaları pozmaqda günahlandırıb və Yahudun azad edilməsi məsələsi həll olunana qədər fələstinlilərin Qəzzanın şimalına hərəkətini müvəqqəti məhdudlaşdırıb.
Yahudun ABŞ və Aİ tərəfindən terror qruplaşması kimi tanınan "İslami Cihad" Fələstin qruplaşmasının girovluğunda olduğu ehtimal edilir. Yanvarın 27-də cihadçılar Yahudun videosunu yayıblar. Onun harada və hansı şəraitdə çəkildiyi açıqlanmır. İsrail və Rusiya vətəndaşı olan Aleksandr Trufanov da "İslami Cihad"ın girovluğundadır.
Yanvarın 15-də atəşkəs əldə ediləndən bəri HƏMAS yeddi qadın girovu azad edib. Sərbəst buraxılan 33 məhbusun müqabilində İsrail ağır cinayətlərə görə məhkum olunanlar da daxil olmaqla 2 minə yaxın fələstinli məhbusu həbsxanalarından azad etməyə razılaşıb.
2023-cü ilin 7 oktyabrında İsrailin cənubuna hücum zamanı HƏMAS silahlıları təxminən 250 nəfəri girov götürərək Qəzza zolağına aparıblar. 2023-2024-cü illərdə 165 nəfər azad edilib, onlardan 41-i ölüb. Təxminən 90 nəfər HƏMAS və "İslami Cihad"ın girovluğunda qalır, onlardan 30-dan çoxunun öldüyü güman edilir.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı 47 mindən çox sakin həlak olub.
Müdafiə və güc strukturlarında çalışanların maaşları artırıldı
Azərbaycanda bu ilin əvvəlindən müdafiə, güc və daha bir çox strukturlar üzrə maaşlar 10 faiz artırılıb. Bununla bağlı prezident İlham Əliyev bu gün, yanvarın 27-də fərmanlar imzalayıb.
Siyahıya Müdafiə Nazirliyinin, Daxili Qoşunların Baş İdarəsinin, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşları, habelə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları daxildir.
Eyni zamanda, Prezidentin Təhlükəsizlik Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları da unudulmayıb. Həmçinin, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 10 faiz artıb.
Onlardan başqa, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları, Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları da yaddan çıxarılmayıb.
Prezidentin başqa bir fərmanı ilə bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları 10 faiz artırılıb. Söhbət yuxarıda adı çəkilən qurumlardan gedir.
İ.Əliyev bundan öncə, yanvarın 7-də də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarını 15 faiz artırmışdı.
Onda isə söhbət Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, bütünlükdə 20 civarında qurumdan gedirdi.
Bu ildən Azərbaycanda həmçinin minimum əməkhaqqı da artırılıb. Əvvəllər 345 manat olan minimum əməkhaqqı bu ildən 400 manata çatdırılıb.
Amma bu il Tarif Şurası ölkədə qazın, elektrikin və daha bəzi xidmətlərin qiymətini limitlərdən asılı olaraq artırıb.
Aİ Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırır
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş rejimini dayandırmaq qərarına gəliblər. Sözügedən razılaşma bu gün, yanvarın 27-də Aİ Xarici İşlər Şurasının iclasında qəbul olunub. AzadlıqRadiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak xəbər verir ki, bu qərar yaxın günlərdə qüvvəyə minəcək.
Qərarın qəbul edilməsi üçün yekdillik tələb olunmurdu və yalnız 15 ölkənin səsi kifayət edirdi. Macarıstan və Slovakiya qərara qarşı səs veriblər, amma bu ümumi nəticəyə təsir etməyib.
Daha əvvəl isə legitimliyi beşinci prezident Salome Zurabişvili və müxalifət tərəfindən tanınmayan Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi simvolik bir addımdır və onun heç bir praktiki əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, diplomatik pasport sahibləri Aİ ölkələrinə adi pasportla səfər edə biləcəklər.
Xatırlatma
2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanla Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.
Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
23 gizli bankir həbs olunub
2024-cü il noyabrın 19-da Avropanın hüquq-mühafizə orqanları iki ukraynalı qardaşın rəhbərlik etdiyi cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat keçirib. "Europol"un yanvarın 17-də yaydığı məlumata görə, ötən ilin oktyabrında həyata keçirilən reydlərdən sonra baş tutan əməliyyatda bir neçə şübhəli həbs olunub və müxtəlif cinayət aktivləri ələ keçirilib.
Ümumilikdə, bir neçə ay davam edən əməliyyat çərçivəsində 23 nəfər şübhəli saxlanılıb, 35.7 milyon avro dəyərində nağd pul, bank hesabları və kriptovalyutalar, həmçinin 36 avtomobil, daşınmaz əmlak, saatlar və zinət əşyaları müsadirə edilib.
"Europol" bildirib ki, əsasən ukraynalılardan, həmçinin erməni, azərbaycanlı və qazax milliyyətindən ibarət olan bu mütəşəkkil cinayətkar şəbəkə digər cinayət şəbəkələrinə nağd pul daşımaları və gizli bankçılıq xidmətləri göstərib.
Bu cinayətkar şəbəkənin tərkibində çinlilər də olub və onlar, əsasən, çirkli pulların yuyulması ilə məşğul olublar. Narkotik ticarəti, vergi qaçaqçılığı və qeyri-qanuni malların qaçaqmalçılığı ilə məşğul olan müxtəlif rusdilli və asiyalı cinayətkar qruplaşmalar bu mütəşəkkil dəstənin xidmətindən istifadə ediblər.
Qeyd olunub ki, cinayətlərin əksəriyyəti İspaniyada törədilib.
Ukrayna vətəndaşları kimi müvəqqəti müdafiə statusundan sui-istifadə ediblər
Şübhəlilərin 2022-ci ildən bəri Avropa İttifaqı tərəfindən Ukrayna qaçqınlarına və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsindən təsirlənən digər vətəndaşlara verilən müvəqqəti müdafiə statusundan sui-istifadə etdikləri güman edilir. Belə ki, Ukraynadan Avropaya gələn milyonlarla qaçqından bir çoxu müharibənin fəsadlarından qorunmaq üçün öz pullarını nağd şəkildə özləri ilə gətirib. Cinayətkar şəbəkə isə istisnalardan faydalanaraq böyük məbləğdə nağd vəsaitləri gömrük yoxlamaları zamanı ətraflı sorğu-sual və yoxlamaya məruz qalmadan köçürə bilib.
Pul daşıyıcıları – bəziləri cinayətkar liderlərin ailə üzvləri olmaqla – bu nağd vəsaitləri öz şəxsi əmlakları kimi bəyan edərək mütəmadi olaraq İspaniya, Kipr, Fransa və digər ölkələr arasında səyahət ediblər.
Bir neçə nağd pul daşıyıcısı həbsi olunduqdan sonra cinayətkar şəbəkə öz fəaliyyət üsulunu dəyişərək irihəcmli fiziki nağd pul köçürmələrindən kriptovalyuta sahəsinə keçib. Bu dəyişiklik pul köçürmələrinin izlənilməsini daha da çətinləşdirib.
İlkin hesablamalara görə, 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər ən azı 75 milyon avro məbləğində vəsait köçürülüb. Kiprdə keçirilən reydlər zamanı hüquq-mühafizə orqanları təxminən 26 milyon avro dəyərində kriptovalyutanı müsadirə edib və dondurub.