Keçid linkləri

2025, 04 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:07

İctimai fəal: 'Ağzımı, gözümü tutmuşdular ki, ətrafda nə baş verdiyini görməyim'


Nicat İbrahim
Nicat İbrahim

İctimai fəal Nicat İbrahim deyir ki, təqsirləndirilən şəxs statusunda hakim önünə çıxarılsa da, əslində, zərərçəkəndir. Axı heç bir cinayət törətmədiyi halda, şərləndiyindən 5 aydır həbsdə saxlanılır. O, fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən bu barədə danışıb.

Məhkəmə iclasında öncə prokuror ittiham aktını açıqlayıb. İddia olunur ki, N.İbrahim ötən ilin sentyabrında paytaxtın 3-cü mikrorayon dairəsinin yaxınlığında Bəhmən Əliyev adlı şəxsi bıçaqlayıb. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.

N.İbrahim iddianı yalanlayır və həmin gün sürücülük vəsiqəsi ilə bağlı görüşə getdiyini deyir. Bu zaman bir nəfər ona yaxınlaşaraq alışqan istəyib və heç cavabını verməyə imkan tapmamış, həmin şəxs ona hücum çəkib: "Yaxınlaşıb alışqan istədi, heç cavabımı gözləmədi. Məni vurdu, yerə yıxıldım. Bu anda dərhal polislər töküldü üstümə. Ağzımı, gözümü tutmuşdular ki, ətrafda nə baş verdiyini görməyim".

İctimai fəalın sözlərinə görə, onu Nəsimi rayon Polis İdarəsinə gətiriblər. Orada təzyiqlərə məruz qaldığını, ailə üzvləri ilə hədələndiyini deyən N.İbrahim bildirib ki, bu yolla yalan ifadəyə imza atmağa məcbur etmək istəyirdilər. O, polis idarəsində özünə xəsarət yetirdiyini deyir: "Bundan sonra məndən əl çəkdilər".

N.İbrahim əlavə edib ki, ona qarşı düşmən münasibətin səbəbini anlaya bilmir. Onun sözlərinə görə, prezidentdən, hökumətdən narazılığı yoxdur. Məcburi köçkün olduğuna görə Laçında evlə də təmin edilib: "Heç kiminlə düşmənçiliyim yoxdur. Jurnalist, bloqer deyiləm. Bu münasibət haradan irəli gəlir, anlamıram. Ölkədən çıxışıma qadağa qoyulmuşdu, ailəm getdi, məni buraxmadılar. Onda 20-30 dəfə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng elədim...".

Vəkil vəsatət qaldırıb ki, N.İbrahimin şikayətləndiyi təzyiqlərlə bağlı məsələni məhkəmə araşdırsın, bundan ötrü prokurorluğa sorğu göndərilsin. Vəsatət təmin olunub.

İctimai fəalın vəkili onun təzyiqlərlə bağlı şikayətinə görə Nəsimi rayon Prokurorluğuna üz tutsa da, prokurorluq cinayət tərkibi olmadığını iddia edərək cinayət işi başlatmağı gərək bilməyib.

Məhkəmənin prokurorluğa sorğusu ilə əlaqədar proses martın 3-dək ertələnib.

Xatırlatma

N.İbrahim ötən il sentyabrın 9-dan həbsdədir. Həbsindən bir həftə öncə N.İbrahim ailəsi ilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb.

İctimai fəal daha öncə - 2020-ci ilin iyulunda Prezident Administrasiyasının qarşısında prezident İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.

N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, bir neçə il öncə ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

XS
SM
MD
LG