Tacik miqrantlar Ukraynada savaşmadıqlarından polisin onları döyüb qovduğunu deyirlər

Moskvadakı Saxarova miqrasiya mərkəzi

Rusiyada yaşayan tacik miqrantlar Ukraynada döyüşməkdən imtina etdikləri üçün polis tərəfindən döyüldüklərini və saxta cinayət işləri ilə ölkədən deportasiya olunduqlarını deyirlər.

Miqrantlar və hüquq müdafiəçilərinin sözlərinə görə, Rusiya hökuməti Moskvanın canlı qüvvə ilə bağlı üzləşdiyi problemləri çözmək üçün ortaasiyalı miqrantlara basqıları sürdürür.

30 yaşlı Düşənbə sakini Mansur Hociyev Rusiya ordusuna qoşulmağa dair müqaviləni imzalamaqdan imtina etməsindən bir neçə həftə sonra -oktyabr ayında ölkədən deportasiya edilib.

Hociyev AzadlıqRadiosuna deyib ki, sentyabr ayında Rusiya vətəndaşlığı almaqdan ötrü sənəd doldurmaq üçün miqrasiya idarəsinə getdiyi vaxtdan problemləri başlanıb: "Sentyabrın 12-də Perm vilayətinin Sverdlovsk rayonunda miqrasiya idarəsindəki görüşüm zamanı məmurlar mənə dedilər ki, [Ukraynaya] müharibəyə getmək üçün müqavilə imzalamalıyam, yoxsa vətəndaşlıq müraciətim rədd ediləcək".

Pozuntu yox, cəza var

Qanuni oturum icazəsi olan Hociyev müqaviləni imzalamadığını və vətəndaşlıq almağa çalışmadan Rusiyada yaşayıb işləməyə davam etmək qərarına gəldiyini söyləyir. Di gəl, iki həftə sonra Hociyev miqrasiya idarəsinə çağrılıb və məmurlar ondan qanunsuz narkotiklər qəbul etdiyini boynuna alması haqda sənədi imzalamasını tələb ediblər: "Orada dörd maskalı kişi qollarımı qandalladı, başıma plastik torba keçirib, məni inək kimi bir maşına itələdi. Bir meşəyə gətirdilər, qollarıma və ayaqlarımı məftillə bağlayıb bədənimə elektroşok verdilər".

Hociyevin sözlərinə görə, o bu işgəncələr altında narkotik qəbul edərkən polis tərəfindən tutulması haqda saxta etirafnaməni imzalayıb.

Rusiyanın Perm vilayətinin Sverdlovsk rayon məhkəməsinin Mənsur Hociyevə qarşı cinayət işi üzrə çıxardığı hökmün surəti.

Ertəsi gün Sverdlovsk rayon məhkəməsi tacik miqrantı həmin "etiraf" əsasında qanunsuz narkotik qəbul etməkdə suçlayıb. Hociyev əvvəlcə cərimə ödəməli olub, sonra Tacikistana deportasiya edilib.

Hüquq müdafiəçiləri və Rusiyada yaşayan miqrantlar ortaasiyalı işçilərin başına gətirilən onlarla bu cür hal barədə məlumat veriblər.

Hociyevin miqrasiya idarəsində hədəfə alınmasından bir neçə həftə öncə rusiyalı insan haqları fəalı Tatyana Kotlyar "7X7" Telegram kanalına deyib ki, beş ortaasiyalı miqranta Rusiya pasportu almaq üçün hərbi kontraktlar imzalamaq əmri verilib.

Kotlyarın sözlərinə görə, onların arasında Kaluqa vilayətində işləyən və tibbi səbəblərdən orduya yazıla bilmədiyini dediyi üçün vətəndaşlıq müraciəti rədd edilən bir tacik miqrant da var.

Kotlyar sonradan Facebook-da yazıb ki, həmin miqrant Rusiya hökumətinə şikayət göndərib. Ancaq buna cavab olaraq, "[polis tərəfindən] ona qarşı mövcud olmayan pozuntuya görə protokol açılıb".

Rusiyada fəaliyyət göstərən "Tong Jahoni" adlı insan haqları QHT-sinin direktoru Valentina Çupik dəfələrlə rəsmilərin miqrant işçiləri zor, təzyiq və böyük vədlər vasitəsilə orduya cəlb etmək kampaniyası aparmasından danışıb.

Ukraynada döyüşməyə gedən ortaasiyalıların toplam sayı bilinmir.

Moskvada bir qadın insanları Rusiya ordusuna qoşulmağa çağıran vərəqələr paylayır.

Tacikistanda işsizlik böyük problemdir

Düşənbə sakini Ənvər iddia edir ki, mart ayında Moskvadakı Saxarovo miqrasiya mərkəzində məmurlar ona hərbi kontrakt imzalamağı əmr ediblər.

"Onlara dedim ki, müharibəyə getmək istəmirəm. Məni təhqir edib döydülər. Beldənaşağı hissələrimi təpiklədilər", - Ənvərin AzadlıqRadiosuna dediyi sözlərdir.

O, əvvəlcə 17 gün təcridxanada saxlandığını, ardınca da guya miqrasiya qaydalarını pozması bəhanəsi ilə Düşənbəyə deportasiya edildiyini söyləyir.

"Bütün sənədlərim qaydasında idi. İş icazəmi uzatmaq üçün tələb olunan üçaylıq rüsumu da ödəmişdim. Oturum sənədlərimin vaxtını uzatmaqdan ötrü rüsumları da ödəmişdim", - deyən Ənvər Ukraynada döyüşməkdən imtina etdiyi üçün cəzalandırıldığını düşünür.

Ənvərin anası oğlunun Rusiyadan "qançırlar içində", fiziki və psixoloji travma almış halda qayıtdığını, bir neçə ay müalicə olunduğunu deyir.

Hociyev və Ənvər, hələlik, Düşənbədə iş tapa bilmirlər. Yoxsul Tacikistanda böyük problem olan işsizlik milyonlarla vətəndaşı Rusiyaya gedərək orada Rusiya hökumətinin yaratdığı təhlükə və təzyiqlər altında yaşamağa vadar edir.