Tramp 'milyardlara qənaət' üçün USAID-i ləğv edir

USAID

ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət xərclərini hədəf alan bir sıra icra qərarları fonunda Vaşinqtonun əsas beynəlxalq yardım qurumunun fəaliyyətini dayandırmağa hazır görünür. Beynəlxalq humanitar təşkilatlar isə bunun fəlakətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. BMT-nin məlumatına görə, USAID qlobal humanitar yardımın 40 faizindən çoxunu təmin edir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) qarşı aparılan kampaniyaya rəhbərlik edən şəxs hökumət xərclərini azaltmaq üçün Trampın əsas fiqurlarından biri olan İlon Maskdır. O, administrasiyanın ABŞ büdcə kəsirini 1 trilyon dollar azalda biləcəyini iddia edir və bu təşəbbüsünü korrupsiyaya qarşı mübarizə kimi təqdim edir.

USAID-in rəsmi vebsaytı fevralın 3-dən işləmir. Tramp isə agentliyin "bir qrup radikal lunatiklər" tərəfindən idarə olunduğunu iddia edib.

"Biz onları oradan çıxarırıq, sonra isə USAID-in gələcəyi ilə bağlı qərar verəcəyik", – Tramp fevralın 2-də jurnalistlərə bildirib.

İ.Maskın özü isə Konqres tərəfindən təsdiqlənmiş on milyardlarla dollar dəyərində ABŞ xarici yardımını idarə edən USAID-i "cinayətkar təşkilat" adlandırıb və onun "məhv olma" vaxtının çatdığını bildirib.

"The Associated Press" xəbər verir ki, USAID əməkdaşlarına bazar ertəsi - fevralın 3-də agentliyin Vaşinqtondakı baş ofisinə getməmələri tapşırılıb.

USAID əməkdaşları gecə ərzində 600-dən çox işçinin qurumun kompüter sistemlərinə girişinin məhdudlaşdırıldığını bildiriblər. Hələ də sistemə giriş imkanı olan əməkdaşlara isə baş ofis binasının 3 fevral, bazar ertəsi günü bağlı olacağını bildirən e-mail-lər göndərilib.

Marko Rubionun rəhbərlik etdiyi Dövlət Departamenti yanvarın 24-də, demək olar ki, bütün ABŞ xarici yardım proqramlarına yeni maliyyə vəsaitinin ayrılmasını dayandırıb. Bu addım Tramp administrasiyasının xarici yardım proqramlarını öz xarici siyasət hədəfləri ilə uyğunlaşdırmaq təşəbbüsü çərçivəsində atılıb.

Fevralın 2-də "CBS News"a müsahibəsində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast USAID-in ayrıca bir qurum olaraq ləğvini və onun Dövlət Departamentinin tərkibinə daxil edilməsini dəstəkləyəcəyini bildirib.

Senatda təmsil olunan demokratlar fevralın 2-də dövlət katibi M.Rubioya məktub göndərərək Tramp administrasiyasının bu təşkilatı hədəf alan addımları ilə bağlı "dərin" narahatlıqlarını ifadə ediblər. "USAID-in Dövlət Departamentinə birləşdirilməsi və ya daxil edilməsi cəhdləri, qanuna əsasən, Konqres tərəfindən əvvəlcədən müzakirə olunmalı, nəzərdən keçirilməli və təsdiqlənməlidir", - məktubda vurğulanıb.