Fransanın xarici işlər naziri Jan Noel Baro "Sud Radio"ya müsahibəsində deyib ki, Paris Birləşmiş Ştatlar prezidenti Donald Trampın Danimarka ərazisini ilhaq etməklə bağlı bəyanatlarına cavab olaraq Qrenlandiyaya qoşun göndərilməsi məsələsini Kopenhagenlə müzakirə edib.
Baro Fransanın Danimarka ilə qoşun yerləşdirməni müzakirə etməyə başladığını, lakin bu ideyanın reallaşmasının "Danimarkanın arzusu" olmadığını əlavə edib.
Baronun bu açıqlaması Danimarka baş naziri Mette Frederiksenin müttəfiqlərdən dəstək almaq üçün Avropa paytaxtlarına səfərlərinin baş tutduğu vaxta təsadüf edir.
Tramp Danimarkanın nəzarətində olan nəhəng Arktika adasına sahib çıxmaq üçün mümkün imkanlardan istifadə edəcəyini bir neçə dəfə bildirib. Trampın fikrincə, Qrenlandiyaya nəzarət ABŞ-nin təhlükəsizliyi üçün vacibdir.
Danimarka baş naziri Frederiksen isə Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla danışmaq üçün yanvarın 28-də səhər Berlin və Parisdə olub. Eyni zamanda o, Brüsseldə NATO-nun baş katibi Mark Rütte ilə görüşməyə hazırlaşır.
Bir neçə gün əvvəl isə Danimarka hökumət başçısı İsveç, Norveç və Finlandiya liderləri ilə görüşüb.
"Danimarka köməyə çağırsa, Fransa orada olacaq. Avropa sərhədləri istər şimal, istər cənub, istər şərq və qərb olsun, suverendir... heç kim sərhədlərimizi poza bilməz", - Fransanın baş diplomatı müsahibəsində vurğulayıb.
Baro həmçinin bildirib ki, Avropa İttifaqının xarici işlər nazirlərinin yanvarın 27-də Brüsseldə keçirilən görüşü zamanı onlar Kopenhagenə "çox güclü dəstək" ifadə ediblər və lazım gələrsə, "qoşunların göndərilməsini nəzərdən keçirməyə hazırdırlar".
Bununla belə, Fransa xarici işlər naziri Birləşmiş Ştatların Qrenlandiyanı işğal edəcəyinə inanmadığını söyləyib. "Amerikalılar Qrenlandiyanı işğal edəcəkmi? Yox, bu baş verməyəcək, heç kimin Avropa İttifaqı ilə münaqişəyə girmək marağı yoxdur", - fransalı nazir sonda deyib.