Xanımı: Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini uzadıb

Əfqan Sadıqov

Yanvarın 31-də Tbilisi şəhər Məhkəməsinin "Azel TV" saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzatdığı bildirilir.

Həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, Ə.Sadıqov özü və vəkili məhkəmənin keçiriləcəyini son anda Sosial Ədalət Mərkəzindən öyrəniblər.

Xanımının əlavə etməsinə görə, müdafiə tərəfinin onun ev dustaqlığına və ya Gürcüstanda jurnalistlər qrupunun zaminliyi əvəzində buraxılması haqqında vəsatəti təmin olunmayıb.

Bununla belə, bundan öncə Gürcüstanın Sosial Ədalət Mərkəzi də bildirmişdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına görə, Gürcüstan məhkəməsi bu iş üzrə yekun qərar qəbul edənə qədər Sadıqov Azərbaycana ekstradisiya edilməməlidir.

Ə.Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib.

2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi.

Amma, hələlik, Ə.Sadıqovun həbsinin uzadılması ilə bağlı xanımının dediklərini Tbilisi şəhər Məhkəməsinin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

"Azel TV" saytının təsisçisi və baş redaktoru Ə.Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.

Azadlığa çıxdıqdan sonra da o, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası almışdı. Ə.Sadıqov onda da ittihamı qəbul etmirdi.