Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətindəki problemlərin getdikcə pisləşdiyi bildirilir.
Yanvarın 3-də 1 saylı Bakı İstintaq Təcridxanasında A.Məmmədli ilə görüşən vəkil Elçin Sadıqovun sözlərinə görə, onun başgicəllənmələri başlayıb, hüquq müdafiəçi baş və bel ağrılarından əziyyət çəkir.
O vurğulayır ki, səhhətindəki problemlərə baxmayaraq, hüquq müdafiəçisinin sözlərinə görə, ona adekvat tibbi yardım göstərilmir.
Müdafiə tərəfinin açıqlamasına Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və başqa uyğun qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
A.Məmmədlinin səhhəti ilə bağlı müdafiə tərəfi bundan öncədə bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.
İndiki və bundan əvvəlki həbsi
A.Məmmədli ötən il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar. Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Qaçaqmalçılıq…
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 330 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.