Keçid linkləri

2025, 03 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:31

Seçki məntəqələrində vətəndaşı çəkmək qadağan oluna bilərmi?


Məzahir Pənahovun qalmaqallı təklifi: Seçkilərdə çəkiliş qadağan olunur?
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Məzahir Pənahovun qalmaqallı təklifi: Seçkilərdə çəkiliş qadağan olunur?

Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Hər halda, yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".

Bəzi ekspertlər isə düşünür ki, seçki məntəqələrində çəkiliş qadağan olunarsa, bu, ifadə azadlığının və aşkarlıq prinsipinin pozulmasıdır.

Zahid Oruc
Zahid Oruc

Deputat: "Geniş diskussiyalara ehtiyac var"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a deyib ki, ötən onillər ərzində tutduğu xətdən, ideologiyadan və maliyyə mənbəyindən asılı olmayaraq istənilən media orqanın seçki məntəqələrində çəkilişinin qarşısı alınmayıb: "Lakin ayrı-ayrı məntəqələrdə konkret situasiyada komissiya üzvlərinin özü ilə bağlı hər hansı hərəkəti mütləq seçki tələbinə bağlı bir məsələ deyil. Həmin üzvlər sanki onun məntəqədə hərəkətlərini kontrol altına almaq yönündə çəkilişlərə etiraz edir. Həqiqətən də, həmin şəxslərin seçki prosesinə aid olmayan bütün hərəkətlərini çəkməklə bəzən məntəqələrdə ciddi bir hüquqi kolliziya yaranır. Media orqanları isə bəyan edirlər ki, bu, ictimai prosesdir və fərdi həyat aspekti yoxdur deyə, bu iddia irəli sürülə bilməz".

Z.Oruc hesab edir ki, bununla bağlı geniş diskussiyalara ehtiyac var: "Son illər bir tərəfdən seçki məntəqələrinin bir hissəsində vebkameraların qoyulması, digər tərəfdən də hər bir insanda mobil telefonların olması bir-birini total kontrola almaq təəssüratı yaradır. Bir sıra hallarda da hər hansı bir epizodik şərait çəkilir və o həmin məntəqədə ümumi seçki durumu kimi təqdim oluna bilir. Bəs belə situasiyada nə olsun? Özü də hibrid informasiya vasitələri genişlənir".

Deputatın sözlərinə görə, MSK sədrinin dediyi əsla bütün məntəqələrin total olaraq kameralardan, ictimai nəzarətdən kənarda saxlanacağı mənasını daşımır: "Seçki məntəqələrində vətəndaşlar arasında toqquşmalar baş verməsin, qanunun gerçək müddəalarını hər kəs özü bildiyi kimi şərh etməsin deyə, bu kimi mövzular ətrafında geniş dialoqlar aparılmalıdır. Mən çox arzulayıram ki, biz siyasi və ictimai etimadı qarşılıqlı olaraq o dərəcədə yüksəldək ki, artıq seçkilərdə müşahidə prosesini qabartmayaq".

Seymur Həzi
Seymur Həzi

AXCP: "Onda niyə MSK seçki məntəqələrinə onlayn kamera yerləşdirir?"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi isə hesab edir ki, məntəqələrdə çəkilişə qadağa qanunsuzdur və seçki şəffaflığı prinsipini pozur: "Azərbaycan Konstitusiyasında yazılıb ki, seçki sərbəst, şəxsi və gizli səsvermə yolu ilə həyata keçirilir. Burada gizlilik seçki kabinəsinə, şəffaflıq isə kabinəsinin çölünə aiddir. Əgər seçki günü adamları çəkmək qadağandırsa, onda niyə MSK seçki məntəqələrinə onlayn kamera yerləşdirir və dünyanın hər yerində bu var?".

S.Həzinin fikrincə, burada söhbət ondan gedir ki, müstəqil jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri, ictimai fəallar gedib seçki pozuntularını çəkib bunu ifşa edirlər: "MSK da baxıb görür ki, onların kadr potensialı sıradan çıxır, çünki ictimai qınaq olur. Bu adamları qınayırlar, onlar da növbəti dəfə gəlib bu prosesdə iştirak etmək istəmirlər. Bunun qarşısını almaq üçün belə bir təklif irəli sürülüb".

O vurğulayıb ki, bu təklif Azərbaycanın Avropa Şurasının qarşısında ifadə azadlığına dair götürülən ilkin öhdəliklərə ziddir: "Bizim sıradan çıxarılmış jurnalistikanın yerdə qalan qisminin yeganə dayanacaq hüquqi istinadı həmin bu öhdəliklərdir. Burada xüsusilə də ictimai tədbirlərdə sərbəst şəkildə çəkilişin aparılması birbaşa öz əksini tapır. Həmin tədbirlərdə jurnalistlərdən akkreditasiyadan keçmələrini tələb etmək, onlara qadağa qoymaq, icazə verib-verməmək qanunsuzdur".

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Məqsəd də bu olacaq ki, pozuntular ictimailəşməsin"

"Bu açıqlama məndə təəccüb doğurdu", - Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə təəccübünü belə əsaslandırır: "Bir neçə il bundan öncə Məzahir Pənahov çəkiliş edənlərə, sosial şəbəkələr istifadəçilərinə təşəkkür etmişdi və bildirmişdi ki, bu çəkilişlər çox əhəmiyyətlidir. Amma üstündən çox da böyük vaxt keçmədən eyni adamın fərqli açıqlama verməsi ziddiyyətli bir məqam yaradır".

Ekspertin sözlərinə görə, burada "seçki zamanı vətəndaşın icazəsi olmadan çəkiliş etmək olmaz" açıqlaması yanlışdır: "Əvvəla, seçkilər ictimai hadisə olduğu üçün Seçki Məcəlləsinin seçki komissiyalarınin şəffaflıq və aşkarlıq prinsipi əsasında fəaliyyət göstərməsi ilə bağlı müddəasına görə, seçki günü çəkiliş aparıb məlumatların toplanmasına qadağa qoymaq qanunvericiliyə ziddir. Qanunvericilik birbaşa göstərir ki, seçkilər aşkarlıq şəraitində keçməlidir".

B.Süleymanlı qeyd edib ki, digər tərəfdən də seçki şəxsi toxunulmazlıq məsələsindən də kənardadır: "Çünki seçki ictimai hadisə olduğuna görə şəxslər vətəndaş statusu ilə yanaşı, seçici statusu da daşıyır. Ona görə də hər bir şəxsin səs verməsini və ya pozuntunu çəkmək şəxsi həyata müdaxilə deyil. Onu çəkmək üçün icazə almaq, bu çəkilişə qadağa qoymaq ifadə azadlığına və qanunvericiliyə ziddir".

Onun fikrincə, bu məsələ çox əhəmiyyətli sayılarsa, hökumət qanunvericilikdə dəyişiklər edə bilər: "Amma bu, ifadə azadlığının və müşahidəçiliyin, ictimai nəzarətin qarşısının alınması olacaq. Məqsəd də bu olacaq ki, pozuntular ictimailəşməsin. Bu, Azərbaycanın Avropa Şurasının və ATƏT-in qarşısında götürdüyü öhdəliklərə ziddir".

Xatırlatma

Bir həftə öncə, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Seçkidən sonra MSK sədri M.Pənahov brifinqdə bildirmişdi ki, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər, onların müşahidəçiləri seçkidə çoxsaylı pozuntuların olduğunu və bütün bunları ictimailəşdirdiklərini deyirlər.

XS
SM
MD
LG